Mayın 17-də Atatürk Mərkəzində “San yarlığı” mükafatının təqdimetmə mərasimi keçirildi. 2008-ci ildən Türk Törə Ocağı və Beynəlxalq Mahmud Kaşğari Fondu tərəfindən təsis edilən mükafat türk dünyasında mədəniyyət, elm, sənət sahəsində xidmətlər göstərmiş şəxslərə təqdim olunur.
   Tədbiri giriş sözü ilə açan Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri Elxan Zal ötən “San yarlığı” mükafatının laureatları sırasında Süleyman Dəmirəl, Rauf Denktaş, Mustafa Krımoğlu, Yaqub Dəliöməroğlu, Nizami Cəfərov, Firudin Cəlilov, Qənirə Paşayeva və s. tanınmış şəxslərin olduğunu dedi.
   Sonra mükafat komissiyasının sədri, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi Elçin Hüseynbəyli mükafatı qaliblərə təqdim etdi. Yazıçı Yunus Oğuz son illərdə yazdığı tarixi romanlar silsiləsinə görə, yazıçı Vahid Məmmədli “Atropatena dastanı” trilogiyasına görə, yazıçı Mahirə Abdulla fəlsəfi-estetik əsərlərinə görə, şair Əkbər Qoşalıya türk xalqları ədəbiyyatlarının yaxınlaşmasında göstərdiyi xidmətlərə görə, xeyriyyəçi Rafiq Hüseynova Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi xidmətlərə görə, rəssam Nəvai Məmmədoğluna rəsm sənətində qazandığı nailiyyətlərə görə “San yarlığı” mükafatına layiq görüldülər.
   
   Yeganə