Mayın 24-də Bakıdakı “Qalereya 1969” sərgi salonunda mərhum rəssam Fazil Əliyevin əsərlərindən ibarət sərgi açıldı. Tədbiri giriş sözü ilə açan Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağa Əli İbrahimov rəssamın yaradıcılığından söz açdı. Bildirdi ki, Fazil Əliyev qısa ömür sürməsinə baxmayaraq Azərbaycan təsviri-sənətində öz izini qoyub. Onun əsərləri bu gün də aktualdır. 
   
   Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov çıxışında Fazil Əliyevin istedadlı fırça ustası olduğunu qeyd etdi. Qeyd olundu ki, rəssamın əsərlərinin bir çoxu mükəmməllik nümunəsi, rəssamlığı öyrənən gənclər üçün zövq və ustalıq etalonudur. Onun yaradıcılığı təsviri incəsənətdə özünəməxsus yer tutur. Rəssam qısa, lakin mənalı həyat yolunda maraqlı sənət nümunələri yaradıb.
   Qeyd edək ki, Fazil Əliyev 1947-ci ildə anadan olub. 1960-1965-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində, 1965-1971-ci illərdə isə Sankt-Peterburqda İ.Y.Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 1971-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə keçərək bu təhsil ocağını bitirib. 1976-1979-cu illərdə Gəncə Pedaqoji məktəbində dərs deyib. 1980-1984-cü illərdə isə Gəncə Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsində çalışıb.
   Tədbirdə çıxış edən rəssam Fazil Əliyevin həyat yoldaşı Fatma Əliyeva sərginin təşkilatçılarına - Mədəniyyət və Turizm Nazirliyinə, “Qalereya 1969”-a minnətdarlığını ifadə etdi.
   Sonra sərgiyə baxış keçirildi. Sərgidə rəssamın müxtəlif janrlarda 70-dək əsəri nümayiş olunur.
   
   Ceyhun