Xalça Muzeyində beynəlxalq təlim keçirildi
İyunun 13-də Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin birgə təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması” adlı beynəlxalq təlimlər keçirildi.
«Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il Haaqa Konvensiyasının II protokolunun yerinə yetirilməsinin praktiki təlimatı müzakirəsinə həsr olunan təlimdə silahlı münaqişələr zamanı zərər çəkən mədəni irs haqqında çıxışlar dinlənildi.
Tədbiri Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev açaraq bildirdi ki, münaqişələr zamanı mədəni sərvətlərin qorunması ən aktual mövzudur: «Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycanın maddi və qeyri-maddi sərvətlərinin dağıdılması faktdır. Talan edilmiş mədəni irs nümunələrimizin geri qaytarılması, bərpası işində bizə beynəlxalq təşkilatların köməyi lazımdır. Hər bir xalqın sərvəti o xalqa məxsus olmalıdır. Biz UNESCO ilə əməkdaşlıq edirik. Bu işlərin intensivləşməsinə ehtiyac var. Mədəniyyət və Turizm Nazirliyi gələcəkdə də bu kimi tədbirlərin keçirilməsinə dəstək verəcək».
Daha sonra BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı Şerin Pollini «Rəqabət aparan prioritetlər: mədəni sərvətlərin humanitar qanunlar əsasında qorunması və BQXK-nın Azərbaycan fəaliyyəti» mövzusunda çıxış etdi. Bildirdi ki, hazırda əsas məsələ bu sahədə səmərəli sistemin yaradılmasıdır: «Belə münaqişələrdə Beynəlxalq Qızıl Xaç Komitəsinin əsas mandatı insanların və mədəni sərvətlərin qorunmasıdır. Münaqişələr zamanı mədəni sərvətin qorunması üçün səmərəli sistemin yaradılmasını düşünməliyik. Çünki hər xalqın mədəni sərvəti dünya mədəni sərvətinin bir hissəsidir. Bu həm də münaqişədə olan dövlətlər arasında kəskin düşmənçilik hissinin qarşısının alınması üçündür”.
BQXK-nın hüquqi qaydalar üzrə regional məsləhətçisi Maria Teresa Dutli isə «Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması qaydaları və 1954-cü il Haaqa Konvensiyasının II protokolunun əhəmiyyəti» mövzusunda çıxış etdi: «Təəssüflə qeyd etmək istəyirik ki, münaqişələr zamanı mədəni sərvətlərin dağıdılması halları davam edir». Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva isə bildirdi ki, milli mədəni irs nümunələri inventarlaşmalıdır, onların fotoları olmalıdır. Hər bir konfliktdə milli-mədəni dəyərlər qorunmalıdır.
Tədbir çərçivəsində daha sonra «Azərbaycanda silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması: hazırkı vəziyyət və perspektivlər» mövzusunda dəyirmi masa keçirildi.
Qeyd edək ki, «Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının II protokolu Azərbaycan Respublikası tərəfindən 17 aprel 2001-ci il tarixində ratifikasiya edilib.
Gülər