Tanınmış yazıçı və dramaturq Elçin Hüseynbəylinin dörd hekayəsi Litvanın ədəbiyyat və incəsənət nəşrlərində işıq üzü görüb. Vilnüsdə buraxılan “Siaures Atenai“ (“Şimal Afinası”) həftəlik ədəbiyyat və incəsənət qəzetində yazıçının “Nənəm, babam və kommunizm” hekayəsi çap edilib. Litva Yazıçılar Birliyinin nəşrlərindən olan “Literatura ir Menas” (“Ədəbiyyat və İncəsənət”) həftəlik jurnalında müəllifin “Sular günəşə nəğmə oxuyanda”, “Nemunas” (“Neman”) ədəbiyyat və incəsənət həftəliyində “Məzar gəlini”, “Metai” (“İlin fəsilləri”) ədəbi-bədii jurnalında isə “Gözünə gün düşür” hekayəsi oxuculara təqdim olunub.
   Sözügedən hekayələrdən ikisi - “Məzar gəlini” və “Gözünə gün düşür” - Qarabağ olayları mövzusunda yazılmış əsərlərdir.
   Əsərləri orijinaldan Litva dilinə tanınmış türkoloq alim və diplomat, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, mütərcim Halina Kobetskayte və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycanın Əməkdar jurnalisti Mahir Həmzəyev tərcümə edib.