İyunun 20-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Nikolas Rurua ilə görüşdü. Qonağı salamlayan Əbülfəs Qarayev ölkələrimiz arasında mehriban qonşuluq və dostluq əlaqələrinin, iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini vurğuladı.
Nazir iki ölkə arasında mədəniyyət sahəsində həyata keçirilən birgə layihələrdən danışdı. Bildirdi ki, Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində bir çox beynəlxalq sərgi, festival, tədbir və seminarlarda iştirak edir. Demək olar ki, mədəni həyatımız birgə inkişaf edir. Həmçinin iki ölkənin incəsənət sahəsində yaradıcılıq mübadiləsi uğurla həyata keçirilir.
Əbülfəs Qarayev bu yaxınlarda Gürcüstan Dövlət Akademik Dram Teatrının Bakıya və Azərbaycan Dövlət Dram Teatrının Tbilisiyə qastrol səfəri etdiyini xatırladaraq teatrlar arasında həyata keçirilən layihələrin davam edəcəyini bildirdi.
Azərbaycan teatrlarında gürcü müəlliflərin əsərlərinin səhnələşdirildiyini, Gürcüstanın incəsənət ustalarının Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində dəfələrlə çıxış etdiyini deyən nazir iki ölkənin kinematoqrafiya əməkdaşlığının, bu sahədə sənət mübadiləsinin uğurlu olduğunu qeyd etdi. Gürcü operatorların, aktyorların Azərbaycan filmlərinin çəkilişində iştirak etdiyini nəzərə çatdırdı.
Azərbaycanda yaşayan azsaylı xalqlara göstərilən diqqət və qayğıdan söz açan Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu istiqamətdə həyata keçirilən layihələrdən, görüləcək işlərdən danışdı. Qeyd olundu ki, ölkədə milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi, xalqlar arasında tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədi ilə “Azərbaycan - doğma diyar” devizi altında milli azlıqların incəsənəti festivalı keçirilir. Bu günlərdə üçüncü dəfə keçirilən festivalda ölkəmizdə yaşayan digər xalqların nümayəndələri ilə yanaşı, gürcülərin də fəal iştirakı diqqətə çatdırıldı.
Nazir qeyd etdi ki, Azərbaycanda gürcü teatrı, təlim yalnız gürcü dilində olan altı orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Əbülfəs Qarayev ölkələrimiz arasında digər sahələrdə olduğu kimi turizm, abidələrin mühafizəsi sahələrində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.
Azərbaycana ilk dəfə gəldiyini, Bakı ilə tanışlığın onda xoş təəssürat oyatdığını qeyd edən Nikolas Rurua Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin mədəni həyatında fəal iştirakından, onlara göstərilən diqqət və qayğıdan söz açdı. Səmimi görüş üçün azərbaycanlı həmkarına minnətdarlığını bildirən N.Rurua Bakıdakı görüşlərinin əhəmiyyətini vurğuladı: “İki qonşu ölkənin mədəni yaxınlığı və bu istiqamətdə görülən işlərin daha da genişlənməsi üçün yeni layihələrin həyata keçirilməsi çox vacibdir”.
Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Gürcüstan naziri Tbilisidəki Azərbaycan teatrı ilə bağlı məsələyə də münasibət bildirdi. Qeyd edək ki, teatrın binasında qaçqınlar məskunlaşdığı üçün bu sənət ocağı normal fəaliyyət göstərə bilmir. Gürcü nazir teatrın binasında məskunlaşan əhalinin köçürüləcəyini bildirdi: “Məsələ çox yaxın müddət ərzində həllini tapacaq”.
* * *
Dünən nazir Ə.Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, Gürcüstan və Azərbaycan tərəfləri qarşılıqlı olaraq hər iki ölkənin mədəniyyətlərinə məxsus tarixi abidələrin siyahısının daha da dəqiqləşdirilməsi, həmçinin abidələrin mühafizəsi sahəsinə yenidən baxılması haqqında razılığa gəliblər.
Reyhan