İyunun 5-də “Əli və Nino” nəşriyyat evi tərəfindən təsis edilmiş Milli Kitab Mükafatının qalibləri elan olunub. 
   Bildirilib ki, 2012-ci ilin avqustunda elan olunan müsabiqəyə 241 əsər (175 nəsr, 58 şeir, 8 nağıl) daxil olub. Müsabiqəyə 164 kişi, 77 qadın yazar qatılıb. Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya, Hollandiyada yaşayan həmvətənlərimiz də öz əsərlərini müsabiqəyə təqdim ediblər.
   Martın 1-də ekspertlər şurası iyirmiliyə daxil olan əsərləri elan edib. Martın 15-də isə 10 əsərdən ibarət qısa siyahı tərtib edilərək münsiflər heyətinə verilib. Münsiflər heyətinə tanınmış ədəbiyyat və mədəniyyət nümayəndələri daxildir.
   Münsiflərin qərarına əsasən, mərhum yazıçı Zakir Sadatlı birinci, Pərvin Nurəliyeva ikinci, Malik Dursunov üçüncü mükafata layiq görülüblər. Birinci yer 3000, ikinci və üçüncü yerlər 2000 və 1000 manat pul mükafatı ilə təltif olunub. Qaliblərin əsərləri həm çap, həm də elektron formatda nəşr olunacaq.
   Bundan əlavə, Şəhriyar Del Gerani ən yaxşı gənc yazıçı, Əfsanə Laçın ən yaxşı uşaq nağılının müəllifi, Qəşəm Nəcəfzadə ən yaxşı şeir nominasiyalarında qalib elan edilib, onlara 300 manat məbləğində mükafat verilib.
   Qeyd edək ki, Milli Kitab Mükafatı layihəsinə “Bakcell” və “Bank Respublika” maliyyə dəstəyi verib.