Svetlana xanımla nə zaman tanış olduğum dəqiq yadımda deyil. Amma bu görüşümüz hər ikimiz üçün arzuolunan idi və o gündən əlaqəmiz heç kəsilmədi. Tez-tez görüşmürdük. Arada insanları birləşdirən dəyərlər, oxşarlıqlar olanda buna o qədər ehtiyac da qalmır. Daha çox ünsiyyətimiz telefonla olurdu.
   
   Svetlana xanım yaxşı jurnalist idi. Uzun illər “Azərbaycan gəncləri” qəzetində, Azərbaycan Dövlət Ensiklopediyasında, Azərbaycan Dövlət Kinostudiyasında işləmişdi.
   Yaxşı müəllim idi. Mədəniyyət və İncəsənət Universitetində işləyirdi. Həmişə çox sevdiyi tələbələrinin əhatəsində idi.
   Ən əsası, yaxşı anaydı. Artıq o vaxt qızları - Samirə və Elnarə Almaniyada yaşayırdılar. O, burada hər kəsə bir ana sevgisi ilə yanaşırdı.
   2003-cü ildə jurnalist Svetlana Rəhimqızının bir kitabı çıxdı. O, bütün olmuşları, ürəyindən keçənləri “Vaxt var idi...” - deyə yada saldı.
   Bir müddət sonra yubileyinə yığışdıq. Bütün dostları, çox sevdiyi tələbələri başına toplaşmışdı. Çox maraqlı, şən bir gecə oldu.
   Günlərin birində görüşdük. Dedi ki, çox fikirləşdim. Analıq hissi hər şeyi üstələdi. Belə qərara gəldik ki, qızlarımızın yanına - Almaniyaya köçək. Və getdilər. Neçə illərdir ki, Düsseldorfda yaşayırlar. Svetlana xanım da, həyat yoldaşı, dəyərli alim Telman İsmayılov da Almaniyadakı Azərbaycan diasporunun ən fəal üzvlərindəndirlər. Qızları Samirə xanım Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidentidir.
   İndi Svetlana xanımla əlaqələrimiz daha sıxdır. Artıq internet əsrində uzaqlıq deyilən söz öz ilkin mənasını itirib. Çünki dünyanın ən uzaq nöqtəsində baş verənlərdən anındaca xəbər tuta bilirik. Svetlana xanımla diasporumuzun fəaliyyəti barədə tez-tez söhbətlərimiz olur. O, bu günlərdə Köln şəhərində keçirilən bir tədbir haqqında söhbət açdı:
   - Almaniyanın müxtəlif şəhərlərində tez-tez tədbirlərimiz olur. Bu yaxınlarda diaspora üzvlərini Kölndəki “Xalq-Dostluq” adlı parka dəvət etdik. Bu parkı illər öncə zadəgan əsilli bir alman xanım saldırıb. Həm dincəlmək, həm də tədbir keçirmək üçün gözəl bir yerdir. Tədbirə burada yaşayan dəyərli soydaşlarımız, alman dostlarımız, türk qardaşlarımız və Hollandiyadan bir qrup azərbaycanlı da qatılmışdı. Tibb elmləri doktoru, professor Natiq Həsənov, hüquqşünas Rüstəm Əliyev, ədəbiyyatşünas Zemfira xanım, həkimlərdən Vəfa xanım, Ramidə xanım, Lalə və Farux Elbay, Elman, Mirzə, Elxan, Təranə Əliyeva, Hilal, ən gənc soydaşımız Altay və onlarla qonaq bu tədbirin iştirakçısı oldu.
   Tədbirdə iyul ayında Bakıda keçirilmiş dünya azərbaycanlılarının III qurultayında diaspora təşkilatlarının qarşısında qoyulan vəzifələrdən, görüləcək işlərdən danışdılar. Sonda mehriban ailə kimi süfrə arxasına əyləşdik, burada yaşayan gözəl azərbaycanlı ailələrindən birinin oğlu Altayın ilk yubileyini - 10 yaşını qeyd elədik. Elxanla Mirzə bütün qonaqlara Azərbaycan mətbəxinin ən ləziz yeməklərini təqdim etdilər. O gün tədbirdə iştirak edən hər kəs üçün unudulmaz bir gün oldu. Altayın da, valideynləri Təranə xanımın və Hilalın da heç vaxt yadından çıxmayacağı bir gün. Balaca Altay sabah bəlkə də Almaniyadakı diasporumuzun tanınmış şəxslərindən biri olacaq?
   Kim bilir?!   

   S.Yusifqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar