Vaqif Əliyev: “Sərgi-yarmarka təcrübə mübadiləsi üçün əlverişli şərait yaradır”
   
   Sentyabrın 28-dən 30-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Azərbaycanın və bir sıra xarici ölkələrin nəşriyyatlarının qatılacağı sərgi-yarmarka Əl Oyunları İdman Sarayında təşkil olunacaq.
   
   Mötəbər tədbirə hazırlıqla bağlı sentyabrın 6-da M.F.Axundov adına Milli Kitabxanada ölkənin çap-poliqrafiya müəssisələrinin nümayəndələri ilə görüş keçirildi. Görüşdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin məsul işçiləri iştirak edirdi. Tədbirdə II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq işlərinin gedişi ilə yanaşı, nəşriyyat işinin aktual məsələləri də müzakirə olundu.
   Görüşdə çıxış edən Vaqif Əliyev sərgi-yarmarkanın hazırlıq işləri barədə danışaraq texniki və təşkilati məsələlərin həll olunduğunu dedi. Qeyd olundu ki, sərgi-yarmarka Azərbaycanda kitab işinin təbliğinə təkan verəcək, eyni zamanda, naşirlərimizə əcnəbi həmkarlarının gördükləri işlərlə yaxından tanış olmaq imkanı qazandıracaq. Sərgi birgə layihələrin həyata keçirilməsinə də yardımçı olacaq: “Bu il ikinci dəfə keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası kitab evləri, kitab yayımı, nəşriyyatlar, poliqrafiya müəssisələri üçün çox vacib tədbirdir. Sərgi-yarmarkada həm respublikada fəaliyyət göstərən nəşriyyatlar təmsil olunur, həm də başqa dövlətlərdən nəşriyyat və poliqrafiya müəssisələri iştirak edirlər. Bu isə təcrübə mübadilələri üçün əlverişli şərait yaradır. Nəticədə keyfiyyət, məzmun, müəlliflərlə iş, redaktə baxımından mövcud problemlər üzə çıxır. Bu işlər zamanı bizim nəşriyyat və poliqrafiya müəssisələrimiz sanki rəqabətə girirlər. Bu da gələcəkdə kitab çapına, yayıma, tərtibata böyük təsir göstərir”.
   Vaqif Əliyevin sözlərinə görə, artıq 80-dək nəşriyyat və poliqrafiya müəssisəsi sərgi-yarmarkada iştirak etmək istədiyini bildirib, 10-dan çox xarici ölkədən müraciət gəlib. Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, həmçinin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin nümayəndələri bu işdə fəallıq göstərirlər. Xarici ölkələrdəki səfirliklərimiz vasitəsilə sərgi-yarmarkaya daha çox ölkə cəlb etmək mümkündür.
   Mədəniyyət və turizm nazirinin birinci müavini budəfəki sərgi-yarmarkanın məzmun və mahiyyətcə fərqli olacağını vurğuladı: “Sərgi-yarmarka Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunub. Burada ölkəmizin müstəqillik dövründə inkişaf yoluna, Qarabağ probleminə həsr olunmuş çoxlu kitablar nümayiş olunacaq. Həmçinin 2011-ci ilin «Turizm ili» elan olunduğuna görə turizmlə bağlı xüsusi ekspozisiya yaradılması, Naxçıvan Muxtar Respublikasının kitablarının sərgilənməsi nəzərdə tutulub.
   Azərbaycan həqiqətlərinin, tarix və mədəniyyətimizin dünyada təbliğinə böyük töhfələr verən Heydər Əliyev Fondu sərgi-yarmarkada geniş stendlə təmsil olunacaq. Göründüyü kimi, bu dəfə həm məzmun, həm də mahiyyətcə sərgi-yarmarka daha geniş olacaq”.
   Sərgi-yarmarka bununla yekunlaşmayacaq. Tədbirin keçirildiyi günlərdə Ukraynanın böyük şairi Taras Şevçenko və tatar şairi Abdulla Tukaya həsr olunmuş simpoziumlar keçiriləcək. Qeyd edək ki, TÜRKSOY tərəfindən 2011-ci il “Abdulla Tükay ili” elan olunub. Bundan əlavə, «Azərbaycan ədəbiyyatı müstəqilik illərində» adlı konfransın keçirilməsi, «Qızıl Kəlmə» ədəbi mükafatının laureatları ilə görüşlər, müəlliflərin imza mərasimlərinin keçirilməsi və s. nəzərdə tutulub.
   Daha sonra mövcud problemlərə toxunan Vaqif Əliyev nəşriyyat və poliqrafiya müəssisələrinin işinin yaxşılaşdırılması üçün işlər görüldüyünü bildirdi: «Kitab yayımı, oxucuların sayı ilə bağlı problemlər var. Biz nəşriyyat və poliqrafiya müəssisələrinin işinin səviyyəsinin yaxşılaşdırılmasını, ümumilikdə onların işinə köməklik göstərmək istəyirik. Artıq ikinci dəfədir ki, nəşriyyat və poliqrafiya müəssisələrinin rəhbərləri ilə görüşlər keçirir, onların təkliflərini alır, çətinliklərini, problemlərini öyrənirik. Sərgi-yarmarka da elə bunun üçündür. Azərbaycanı təbliğ etmək, həqiqətləri dünyaya çatdırmaq üçün müxtəlif dillərdə, nəfis tərtibatlı kitablar nəşr olunmalıdır».
   Tədbirdə daha sonra nəşriyyat və poliqrafiya rəhbərləri çıxış edərək fikir və təkliflərini bildirdilər.
   Qeyd edək ki, sentyabrın 27-də II Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası ilə bağlı geniş mətbuat konfransı keçiriləcək.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar