II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycanda keçirilən ən böyük kitab tədbiridir
Sentyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başladı. Kitab bayramı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunub.
Sərgi-yarmarkanın iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə gül dəstələri qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də güllər düzüldü.
Sonra Əl Oyunları İdman Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirildi. Mərasimi giriş sözü ilə baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev açaraq Azərbaycanın müstəqilliyinin bərpasından sonra əldə olunan uğurlardan, mədəniyyət sahəsindəki nailiyyətlərdən danışdı. Ölkəmizdə müxtəlif sahələr üzrə sərgi-yarmarkaların keçirildiyini xatırladan E.Əfəndiyev Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhərində beynəlxalq kitab tədbirinin təşkilinin ənənəvi hal almasından məmnunluğunu ifadə etdi. Kitabı bəşəriyyətin ən böyük kəşfi kimi dəyərləndirən baş nazirin müavini sərginin Azərbaycanda kitab işinin təbliğinə təkan verəcəyini, eyni zamanda, naşirlərimizə əcnəbi həmkarlarının bu sahədəki təcrübələri ilə yaxından tanış olmaq imkanı qazandıracağını bildirdi. O, həmçinin son illər milli və dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə nəşr olunmasının da əhəmiyyətindən danışdı, sərgi-yarmarkada sərgilənən kitablar vasitəsilə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatının təbliğ olunacağını vurğuladı: “Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi bu sərgi-yarmarka həqiqətən çox böyük bir hadisədir. İstərdim ki, Azərbaycan oxucusu ikitərəfli mütaliəyə malik olsun. Bir tərəfdən öz milli, folklor, müasir, klassik ədəbiyyatımızı oxusun, digər tərəfdən isə dünya ədəbiyyatını, klassiklərini, müasir yazıçılarını oxuyub öyrənsinlər”.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirakçıları kitab bayramı münasibətilə təbrik etdi. Nazir qeyd etdi ki, 25 ölkəni əhatə edən bu beynəlxalq tədbirdə 121 Azərbaycan, 35 xarici nəşriyyatın kitabları təqdim olunur: “Sentyabrın 30-dək davam edəcək sərgi-yarmarka Azərbaycanda keçirilən ən böyük kitab tədbiridir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iki il əvvəl təşkil olunan ilk yarmarkadan fərqli olaraq budəfəki tədbirdə nəşriyyatların, iştirakçıların, çap məhsullarının sayı iki dəfə artıb. Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə təşkil olunan belə tədbirlərin regionlarda da keçirilməsini planlaşdırırıq. Növbəti mərhələlərdə belə sərgi-yarmarkalar Azərbaycanın digər bölgələrində də keçiriləcək”.
Nazir onu da vurğuladı ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra nəşriyyat-poliqrafiya sahəsində də mühüm işlər görülüb. Azərbaycan ildə 20 beynəlxalq kitab yarmarkasında təmsil olunur. Kitablarımız birinci, ikinci, üçüncü mükafatla yanaşı, “Qran-pri”yə layiq görülüb.
Nazir vurğuladı ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illər müxtəlif səpkili kitablar nəşr edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış şəxsiyyətlər haqqında nəşr edilən kitablar gənc oxucu auditoriyası üçün zəngin mənbədir.
Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat və poliqrafiya sahəsinin müasir tələblər səviyyəsində inkişafı sahəsində bir sıra mühüm tədbirlər həyata keçirdiyini nəzərə çatdırdı: “Özəl sektorun inkişafına göstərilən qayğı fonunda yeni nəşriyyatlar yaranıb, nəşriyyat sənayesi inkişaf etdirilib. Nazirlik bu qurumlarla fəal əməkdaşlıq edir. Bu istiqamətlərdən biri nazirliyin vəsaiti hesabına zəruri nəşr layihələrinin hazırlanmasıdır. İndiyədək təxminən 200 addan çox kitab kütləvi tirajla nəşr edilərək ölkə kitabxanalarına paylanılıb. Bu kitablar Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin müxtəlif sahələrini əhatə edir. Nazirliyin həyata keçirdiyi digər bir istiqamət ölkədə nəşriyyat işinin inkişafını tənzimləyən müvafiq hüquqi normativ sənədlərin və proqramların hazırlanması, həyata keçirilməsi və tətbiqi ilə bağlıdır. Nazirlik tərəfindən ölkədə nəşriyyat işi və kitab sənətinin inkişaf etdirilməsi üzrə 2008 - 2012-ci illəri əhatə edən Fəaliyyət Proqramı hazırlanıb və icra olunur. Proqramda nəşriyyat işi və kitab sənətinin təşviqi, Azərbaycan kitabının beynəlxalq səviyyədə təbliği məqsədilə ölkədə müxtəlif kitab-sərgi yarmarkaların təşkili, xarici ölkələrdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarda, kitab nəşri, kitab yayımı ilə bağlı beynəlxalq konfranslarda, seminar və digər tədbirlərdə Azərbaycan kitabının və nəşriyyat-poliqrafiya müəssisələrinin iştirakının təmin edilməsi xüsusi qeyd olunub. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan II Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasında kitabsevərlər son üç ildə ölkəmizdə və dünyanın müxtəlif ölkələrində nəşr edilən kitablar və digər nəşr məhsulları ilə tanış olmaq imkanı qazanacaq”.
Sonra sərgiyə baxış keçirildi. Sərgi-yarmarkada Azərbaycan nəşriyyatları ilə yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə nəşr edilən kitablar, nəşr məhsulları nümayiş etdirilir.
Ceyhun Zərbəliyev