Dövlət müstəqilliyimizin iyirminci ildönümü münasibətilə paytaxtın Əl Oyunları Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında respublikamızda fəaliyyət göstərən 120-dən çox çap-poliqrafiya müəssisəsi iştirak edir. Onlardan bir neçəsinin təmsilçisi ilə görüşüb fikirlərini öyrəndik.
   
   Elçin İsgəndərzadə, “Vektor” nəşriyyatının direktoru:
   
   - Sərgi-yarmarkada 400 adda 5000-dək kitabla iştirak edirik. Bu kitabların böyük qismini hədiyyə olaraq sərgi iştirakçılarına paylayacağıq. Sərgiyə böyük maraq var. Əminəm ki, bu beynəlxalq tədbir xarici nümayəndələrdə respublikamız haqqında maraqlı və dəyərli fikirlər oyadacaq. Sərgidə iştirak edən qonaqların bir çoxu ilə iki il əvvəl keçirilmiş I Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasından tanışıq. Türkiyə, Qırğızıstan və digər ölkələrdən gələn nəşriyyat nümayəndələri ilə maraqlı söhbətlərimiz oldu. Yeni layihələr üzərində fikir mübadiləsi aparacağıq. Sərgi onlarda çox maraqlı təəssürat yaradıb.
   Ümumiyyətlə, beynəlxalq tədbirlərdə iştirak etmək istəyən naşirlər gərək çox fəal olsunlar. Çünki kitabın çap olunması hələ hər şeyi həll etmir. Əslində işin çətinliyi kitabın ərsəyə gəlməsindən sonra başlanır. Maraqlı kitab tapmaq, oxumaq və təbliğ etmək onu çap etmək qədər gərəklidir.
   
   Əliş Ağamirzəyev, “Mütərcim“ nəşriyyatının icraçı direktoru:
   
   - Bakıda artıq ikinci dəfə beynəlxalq kitab sərgi-yarmarkasının keçirilməsi Azərbaycan kitabının dünyada tanınması üçün mühüm hadisədir. Kitab sərgiləri ölkələr arasında mədəni fikir mübadiləsinə təkan verir, ictimai-siyasi, elmi-mədəni təcrübənin qarşılıqlı öyrənilməsinə şərait yaradır. Naşirlər təcrübə mübadiləsi aparmaq imkanı əldə edirlər. Sərgidə işgüzar əlaqələrin qurulması üçün də mühüm fürsətdir.
   Sərgidə 500 adda kitabla iştirak edirik. Kamal Abdullanın “Dilçiliyə giriş“, Fyodor Dostoyevskinin “Karamazov qardaşları”, Fərhad Bədəlbəylinin “Azərbaycan bəstəkarlarının yaradıcılığı“ və s. adlı əsərləri sərgi iştirakçılarına təqdim etmişik.    

   Əlirza Sayılov, “Araz” nəşriyyatının direktoru:
   
   - Belə tədbirlərdə iştirak etmək doğrudan da maraqlıdır. Düzü, sərginin həyəcanını yaşamamaq olmur. 100 adda kitabla sərgidə iştirak edirik. Əsasən şairlərimizin - Səməd Vurğun, Bəxtiyar Vahabzadə və Musa Yaqub və başqalarının kitablarını sərgi iştirakçılarına təqdim edirik. Çalışacağıq ki, Türkiyə, Rusiya və İran naşirləri ilə əlaqə quraq.
   Sərgidə demək olar ki, əksər mövzularda kitab var. Bu da sərginin çeşidli və yüksək səviyyədə təşkilinin uğurunu göstərir. Böyük inamla deyə bilərəm ki, bu, beynəlxalq tədbir xarici nümayəndələrdə respublikamız haqqında maraqlı təəssürat yaradacaq və onlar ölkəmizi daha yaxından tanıyacaqlar. Xalqımızın qonaqpərvərliyi, elmə, kitaba hədsiz dərəcədə marağı, hörməti və sülhsevərliyi barədə məlumatlanmış olacaqlar.
   Respublikamızın nəşriyyat sahəsinin, poliqrafiya mədəniyyətinin və kitab sənətinin yüksək məqama çatdığının bir daha şahidi olduq. Bu möhtəşəm beynəlxalq tədbirlər respublikamızda beynəlxalq sərgi ənənəsinin əsasını qoyub. Eyni zamanda bizim gələcək fəaliyyətimizə bir stimul verir.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar