Berlində dövlət müstəqilliyimizin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim 

   Sentyabrın 29-da Almaniyanın paytaxtı Berlində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Alman Tarix Muzeyində keçirilən mərasimdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Almaniyanın birinci xanımı Bettina Vulf iştirak edib.
   
   Tədbiri Almaniyanın tanınmış teleaparıcısı Yens Riva açaraq zəngin mədəni dəyərlərə malik olan Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünü qeyd etməsi barədə məlumat verib: “Gələn ilin mayında bütün Avropanın diqqəti buradan 3 min kilometr uzaqda - Şərqdə yerləşən Azərbaycanın paytaxtı Bakıya - “Eurovision”un keçiriləcəyi şəhərə yönələcəkdir. Ancaq elə bu axşam sizi bu ölkəyə xoş səfər gözləyir. Azərbaycan bu günlərdə müstəqilliyinin bərpa edilməsinin 20 illiyini bayram edir”.
   Sonra çıxış edən Almaniya prezidentinin xanımı Bettina Vulf Almaniya və Azərbaycanın qədim tarixi əlaqələrə, müasir dövrdə isə sıx tərəfdaşlıq münasibətlərinə malik olduğunu vurğulayıb. 2008-ci ildə Almaniyada Azərbaycan mədəniyyəti günlərinin, 2009-cu ildə Azərbaycanda Almaniya mədəniyyət həftəsinin keçirildiyini nəzərə çatdırıb. Azərbaycanın zəngin mədəni irsindən söz açan xanım Vulf “Məni ən çox əlvan ilməli zərif xalçalar valeh etmişdir. Onlar böyük sənətkarlıq ənənələri olan bir keçmişdən xəbər verir”, - deyə bildirib.
   Tədbirdə çıxış edən Mehriban xanım Əliyeva Azərbacanın tarixi keçmişi, müstəqillik illərində inkişaf yolu, ölkədə həyata keçirilən quruculuq layihələri, Heydər Əliyev Fondunun fəaliyyəti barədə danışıb: “Bu 20 il ərzində biz böyük nailiyyətlər əldə etmişik. Bu gün Azərbaycan Avropa İttifaqı ilə, onun üzvü olan ölkələrlə əməkdaşlığını genişləndirir. Bu ölkələrin arasında əsas tərəfdaşlarımızdan biri olan Almaniya ilə də münasibətlər çox mühüm yer tutur”. Azərbaycan-Almaniya əlaqələrinin iki əsrlik tarixi olduğunu, alman icmasının XIX əsrin əvvəlində Azərbaycanda məskən saldığını deyən Mehriban Əliyeva “Mədəniyyət insanları onların dini və milli mənsubiyyətindən asılı olmayaraq birləşdirir, dialoq və anlaşmaya xidmət edir. Bu isə, fikrimcə, bugünkü mürəkkəb dünyada ən vacib amillərdən biridir”, - deyə əlavə edib.
   Sonra söz musiqiyə verilib.
   Gecənin aparıcısı Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Kamera Orkestrinin dünyanın bir çox ölkələrində uğurla çıxış etdiyini vurğulayıb və musiqiçiləri səhnəyə dəvət edib. Azərbaycan incəsənət ustalarının konserti böyük maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar