Oktyabrın 6-da Dövlət Akademik Milli Dram Teatrında XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin virtual muzeyinin təqdimatı oldu.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə «Musiqi dünyası» jurnalının elektron nəşrlər mərkəzinin mütəxəssisləri tərəfindən yaradılan saytda ədibin həyat və yaradıcılığının ən müxtəlif məqamları öz əksini tapıb.
Tədbiri giriş söz ilə açan teatrın direktoru İsrafil İsrafilov görkəmli yazıçı-dramaturqun yaradıcılığından danışdı: «Azərbaycan ictimai fikrində, mənəvi dünyasında mühüm yeri olan insanlardan biri də İlyas Əfəndiyevdir. Bu gün Azərbaycan teatrını tədqiq edən hər kəs onu minnətdarlıqla xatırlayır. Çünki teatr tariximizdə yaşarılıq qazanan bir sıra səhnə əsərləri onun adı ilə bağlıdır. İlyas Əfəndiyev teatrın qaynar həyatına daxil oldu və teatr adlı evin daimi sakininə çevrildi. Bu gün də o, teatrın içindədir, bizimlədir. Biz tez-tez ona müraciət edirik. Odur ki, ədibin yaradıcılığı daim yaşayacaq. Sənətkar üçün ən böyük xoşbəxtlik də elə budur».
Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə ədibin teatrdakı fəaliyyətindən, aktyorlara olan diqqətindən danışdı: «Aktyora sevgi, qayğı lazımdır. İlyas Əfəndiyev isə aktyorları göz bəbəyi kimi qoruyurdu. Çox məşhur yazıçı olsa da, ona səhnə lazım idi. Demək istədiklərini səhnə vasitəsilə tamaşaçıya çatdırırdı. Teatrımıza, dramaturgiyamıza müasirliyi o gətirdi. Azərbaycan teatrına gəldi və teatrı yeni bədii-estetik mərhələyə çatdırdı. Sənətdə tanıdığım ən sərbəst adamlardan olan İlyas Əfəndiyev milli şüurun oyanmasında, insanların azadlıq uğrunda mübarizəyə qalxmasında böyük rol oynadı”.
«Musiqi dünyası» jurnalının baş redaktoru Tariyel Məmmədov sayt haqqında məlumat verdi. Qeyd olundu ki, 30 saat video, 18 saat audiomaterialların yer aldığı virtual muzeydə İlyas Əfəndiyevin müsahibələri, çıxışları, xatirələri, nəşr olunmuş əsərləri və məqalələri toplanıb. Azərbaycan dilində fəaliyyət göstərəcək virtual muzeyin daha sonra ingilis dilində versiyası da hazırlanacaq. İstifadəçilər ilyasafandiyev.musigi-dunya.az saytına daxil olmaqla bu virtual muzeylə yaxından tanış ola biləcəklər.
Təqdimat mərasimində çıxış edən baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev bildirdi ki, virtual portal İlyas Əfəndiyevin yaradıcılığını sevənlər üçün böyük töhfədir. Belə bir təqdimatın Milli Dram Teatrında keçirilməsi məni xüsusilə sevindiricidir. Çünki İlyas Əfəndiyev üçün bu teatr ikinci ev idi.
E.Əfəndiyev atasının xatirəsinə göstərilən böyük hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına Əfəndiyevlər ailəsi adından minnətdarlığını bildirdi.
Sonra Xalq artisti Aygün Bayramova, caz ifaçıları Şahin Növrəsli, İsfar Sarabski, pianoçu Murad Hüseynovun çıxışları dinlənildi.
Gülər