Oktyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində “Müasir Azərbaycan dövrün baxışında” adlı ikicildlik kitabın təqdimat mərasimi keçirilib. İdeya rəhbəri akademik Ramiz Mehdiyev olan ikicildliyi “Azərbaycan” qəzetinin redaksiyası hazırlayıb çap etdirib. Kitab müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf edilib.
   
   Mərasimdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, kitab Azərbaycanın müasir dövrünü tam əhatə edən fundamental salnamədir: “Kitabda Azərbaycanda həyata keçirilən siyasi-iqtisadi islahatlar, ölkənin inkişafını göstərən konkret faktlar əksini tapıb. Faktlar geniş və hərtərəfli təhlil olunub”.
   Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədov Azərbaycanın 20 ildir müstəqil olmasını tarixi hadisə kimi xarakterizə edib: “Bu, davam edən tarixdir. Müstəqil Azərbaycan dövrün reallığının, həmçinin ümummilli lider Heydər Əliyevin titanik əməyinin nəticəsidir. Bu kontekstdə kitab müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunu və prioritetlərini göstərir”.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş silsilə tədbirlər sırasında belə bir nəşrin işıq üzü görməsini əlamətdar hadisə adlandırıb: “Kitab Azərbaycanın real vəziyyətini, inkişafını və imkanlarını göstərir”. Nazir ötən 20 ildə Azərbaycanın bütün sahələrdə tarixi inkişaf yolu keçdiyini vurğulayıb: “Müstəqillik tariximizə nəzər yetirərkən gözlərimiz önündə çox mühüm hadisələr canlanır. Bu hadisələr sırasında birini xüsusi qeyd etmək istəyirəm. Bu, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Naxçıvanda böyük ədib Hüseyn Cavidin məqbərəsinin açılışıdır. Bu tarixi hadisə cəmiyyətdə tamamilə yeni bir ruhun, bəlkə də azərbaycançılıq təfəkkürünün və müstəqil düşüncənin formalaşmasında əvəzolunmaz bir etüddür. Çünki o tədbir yalnız böyük ədibin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı deyildi. O hadisə müstəqil ölkənin təfəkkürünün totalitarizm rejiminin ideologiyasından azad olunmasının bir rəmzi idi. Bu gün müstəqillik haqqında danışarkən biz o anı daim gözümüzün önünə gətirməliyik”.
   Mədəniyyət və turizm naziri müstəqillik illərində ölkəmizdə mədəniyyət, incəsənət xadimlərinə göstərilən dövlət qayğısından, bu sahədə görülən məqsədyönlü işlərdən geniş söz açıb. Qeyd olunub ki, Azərbaycan muğamının, aşıq sənətinin, Novruz bayramının, Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs Siyahısına daxil edilməsi görülən işlərin əyani sübutudur. Bu işlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri var.
   Nazir vurğulayıb ki, “Müasir Azərbaycan dövrün baxışında” kitabı gənc nəslə müstəqilliyimizin qazanılması naminə atılmış addımlar və görülmüş işlər barədə olduqca geniş məlumat verir.
   “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov qeyd edib ki, 20 il tarix üçün kiçik dövrdür: “Amma 20 ildə Azərbaycanda görülən işlərə nəzər salsaq, əsrlərə bərabər işlərin görüldüyünün şahidi olarıq. Bu gün biz gənc nəslə tariximizi, müstəqillik dövründə əldə etdiyimiz nailiyyətləri çatdırmalıyıq”.