Oktyabrın 8-də Koreya Respublikasının Kyoncu şəhərində (Şimali Könsanq əyaləti) Dünya Turizm Təşkilatının Baş Assambleyasının 19-cu illik sessiyası işə başlayıb.
Sessiyada Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, BMT-nin “Turizmin inkişafı layihəsi”nin Azərbaycan üzrə milli koordinatoru Faiq Qürbətov, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev daxildir.
Assambleyanın gedişində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai və qurumun icraçı direktoru Zoltan Somoçi ilə görüşüb. Görüşdə Azərbaycanla Dünya Turizm Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Təşkilatın rəhbərliyinə Azərbaycanda «Turizm ili» çərçivəsində reallaşdırılan tədbirlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri həmçinin Rusiyanın Turizm üzrə Federal Agentliyinin rəhbəri Aleksandr Radkov, San Marino Turizm Nazirliyinin təmsilçisi Mauro Mayani və «Özbəkturizm» şirkətinin təmsilçisi Rüstəm Mirzəyevlə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
BMT-nin baş katibi Ban Ki-Moon Dünya Turizm Təşkilatı Baş Assambleyasının «Sabit turizm» şüarı altında keçirilən sessiyasına göndərdiyi təbrik məktubunda qeyd edib ki, turizm dünyanın sosial, iqtisadi və ekoloji baxımdan inkişafında mühüm rol oynayır: «Dünya Turizm Təşkilatının Baş Assambleyasının 19-cu sessiyasının işini yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu tədbir turizm sektoru təmsilçilərinə yuxarıdakı məqsədlərə çatmaqda yaxından kömək olacaq».
Dünya Turizm Təşkilatı Baş Assambleyasının 19-cu illik sessiyası oktyabrın 14-dək davam edəcək. Koreya Respublikasının İdman, Mədəniyyət və Turizm Nazirliyinin, Kyoncu şəhər Administrasiyasının və Şimali Könsanq əyaləti rəhbərliyinin təşkilatçılığı ilə keçirilən sessiyanın iştirakçıları bu ölkənin müxtəlif görməli yerləri ilə tanış olacaq, o cümlədən UNESCO-nun Dünya mədəni irs siyahısında olan Yandon şəhərinə ekskursiya edəcəklər.
Fəxriyyə