Oktyabrın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın Hindistana yeni səfiri təyin olunmuş İbrahim Hacıyevlə görüşüb. Səfiri yeni təyinat münasibətilə təbrik edən nazir Azərbaycan və Hindistan arasında əməkdaşlığın genişləndirilməsində onun müsbət rol oynayacağına ümidvar olduğunu bildirib.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.
Nazir eyni zamanda Azərbaycanla Hindistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin layihəsinin qarşı tərəflə razılaşdırıldığını və hazırda sənədin imzalanması məqsədilə müvafiq işlər həyata keçirildiyini qeyd edib.
Görüşdə Hindistanda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, birgə kino istehsalı sahəsində əməkdaşlıq, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə edilib.
Nazir aprel aynda Bakıda keçirilmiş AİTF-2011 Beynəlxalq Turizm Sərgisində Hindistanın turizm şirkətlərinin də təmsil olunduğunu, may ayında görkəmli hind şairi və yazıçısı, Nobel mükafatı laureatı Rabindranat Taqorun 150 illik yubileyi ilə Bakıda tədbirlər keçirildiyini səfirin nəzərinə çatdırıb.
Hər iki ölkədə tarixi zərdüştlük ənənələrinin olması amilindən faydalanaraq Hindistandan ölkəmizə turistlərin cəlb olunmasının mümkünlüyü vurğulanıb.