Azərbaycan-Türkiyə dostluğu bütün sahələrdə inkişaf edir
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 14-də ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə naziri İsmət Yılmazla görüşüb. Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb, iki qardaş xalq arasında hər bir sahədə olan əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Nazir Əbülfəs Qarayev iki ölkə arasında sıx mədəni təmaslardan söhbət açıb və qarşılıqlı mədəniyyət tədbirlərinin əhəmiyyətini qeyd edib.

   Nazir, həmçinin 2009-cu ildə Bakının İslam Mədəniyyəti paytaxtı elan edilərkən keçirilən tədbirlərdə Türkiyədən geniş tərkibdə rəsmi və mədəniyyət xadimlərinin iştirakını xatırladıb, eyni zamanda, 2010-cu ildə İstanbulun Avropa Mədəniyyəti paytaxtı elan olunması ilə əlaqədar keçirilmiş mərasimdə şəxsən iştirak etdiyini qonağın diqqətinə çatdırıb.
   Görüşdə Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində mədəniyyət və tarixi abidələrimizə qarşı həyata keçirilmiş vandalizm aktlarından söz açılıb, Azərbaycan mədəniyyəti nümunələrinin, musiqimizin, mədəni irsimizin ermənilər tərəfindən mənimsənilməsi hallarına qarşı birgə mübarizə üsulları müzakirə olunub. Türkiyəli nazir belə neqativ hallardan böyük təəssüf hissi keçirdiyini və mədəni dəyərlərin qorunmasında ölkəsinin daim Azərbaycanın yanında olduğunu bildirib.
   Sonda İsmət Yılmaz səmimi qəbula görə Əbülfəs Qarayevə təşəkkürünü bildirib, tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər. Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç da iştirak edib.
   
   Kolumbiya ilə mədəniyyət və
   turizm əlaqələri müzakirə olunub
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 14-də Bakıda səfərdə olan Kolumbiyanın xarici ticarət naziri Qabriel Düke ilə görüşüb. Görüşdə Azərbaycanla Kolumbiya arasında ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb, mədəni təmasların artırılması və əlaqələrin potensialından istifadə olunmasının zəruriliyi vurğulanıb.
   Nazir Əbülfəs Qarayev Azərbaycanın geniş turizm potensialı haqqında qonağa məlumat verib, Kolumbiyanın turizm şirkətlərini hər il aprel ayında Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak etməyə dəvət edib.
   Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən söz açan nazir 2013-cü ildə keçiriləcək Mədəniyyətlərarası Dialoq Forumunda Kolumbiya nümayəndə heyətini də görməkdən məmnun olacağını bildirib.
   Söhbət əsnasında Əbülfəs Qarayev Kolumbiyanın Kartaxena şəhərinə səfərini xatırladıb, eyni zamanda Kolumbiyanın mədəniyyət və turizm nazirlərini Azərbaycana səfərə dəvət edib.
   2012-ci ilin sentyabr ayında Kolumbiyada keçirilməsi nəzərdə tutulan Azərbaycan mədəniyyəti günləri də geniş şəkildə müzakirə olunub. Nazir Əbülfəs Qarayev mədəniyyət günlərinə hazırlıq çərçivəsində kolumbiyalı jurnalistlər tərəfindən Azərbaycan haqqında reportaj hazırlanması ilə bağlı təklif irəli sürüb.
   Kolumbiyalı nazir səmimi qəbula görə təşəkkür edərək iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar