Xalça Muzeyində sənətkarın əsərlərinin sərgisi açılıb
   
   Oktyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyi və L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Xalq rəssamı, professor Kamil Əliyevin 90 illik yubileyi ilə bağlı sərginin açılışı keçirildi.
   
   Görkəmli sənətkarın Azərbaycan xalçaçılıq sənətinə gətirdiyi yeniliklər, bu sənətin inkişafına verdiyi töhfələr haqqında geniş tamaşaçı kütləsini məlumatlandırmaq məqsədilə təşkil olunan sərgidə Xalça Muzeyindən, Milli İncəsənət Muzeyindən və Kamil Əliyevin Xalça Muzeyindən seçilmiş əsərləri nümayiş etdirilir.
   Sonra Muzey Mərkəzinin akt zalında Kamil Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Mərasimdə öncə tədbirin aparıcıları sənətkarın yaradıcılığı barədə məlumat verdilər.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev milli xalçaçılıq sənətinin zəngin tarixi olduğunu, Azərbaycan xalqının bu sənəti qədim zamanlardan bu günədək yaşadaraq inkişaf etdirdiyini vurğuladı: “Mən deyərdim ki, Azərbaycanda xalçaya fövqəladə bir münasibət var. Xalqımız üçün xalça yaxın dost, sirdaş, doğma diyar anlamındadır. Azərbaycan xalqı xalça sənətində iz qoymuş sənətkarların əməyini, xidmətlərini hər zaman yüksək qiymətləndirib. Kamil Əliyev də belə böyük sənətkarlardandır. Onun əsərləri hansı ölkədə saxlanılırsa, demək ki, orada Azərbaycan mədəniyyəti var”.
   Nazir Azərbaycan xalçaçılıq məktəbinin inkişafında sənətkarın böyük əməyi olduğunu bildirdi: «Kamil Əliyev heç vaxt unudulmayacaq insanlardandır. Onun qoyduğu irs Azərbaycan xalçaçılıq məktəbinin zənginləşməsinə, inkişafına xidmət edir. Onun yaratdığı əsərlər Azərbaycan incəsənətinin ən zirvədə duran nümunələrindəndir».
   Nazir Kamil Əliyevin yublieyinin qeyd olunması ilə bağlı prezidentin sərəncamını bütünlükdə sənət adamlarının yaradıcılığına verilmiş yüksək qiymət kimi dəyərləndirdi.
   Sənətşünaslıq doktoru, Kamil Əliyevin yaradıcılığının tədqiqatçısı Kübra Əliyeva xalçaçı-rəssamın öz əsərləri ilə tarix yaratdığını dedi: «Azərbaycanın böyük sənətkarları tarix yaradıblar. Kamil Əliyev də xalça üzərində tarix yaradıb. Onun əsərlərində fəlsəfə, muğam, musiqi var. Onun yuxusuz gecələri hesabına yaratdığı ornamentlər böyük bir tarixdir».
   Tədbirdə daha sonra Mədəniyyət və İncəsənət Universitetinin professoru Rafiq Sadıxov, «Kamil Əliyevin xalça dünyası» adlı albom-kataloqun tərtibatçısı Abdulla Qurbani, millət vəkili, professor Nizami Cəfərov və başqaları çıxış edərək, sənətkarla bağlı fikirlərini bölüşdülər.
   Mərasimdə Qədim Musiqi Alətləri Ansamblının ifasında xalq mahnıları dinlənildi.
   Sonda K.Əliyevin ailə üzvləri adından çıxış edən həyat yoldaşı Ramizə Əliyeva, qızı Nərminə Əliyeva və “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin baş direktoru Əlisəfa Nuriyev bütün iştirakçılara öz dərin minnətdarlıqlarını bildirdilər.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar