Avstraliya səfiri turizm sahəsi üzrə təhsil alan tələbələr arasında təcrübə mübadiləsi təklifini irəli sürüb
   
   Oktyabrın 27-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avstraliya İttifaqının Türkiyədə və eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunan səfiri Yan Biqqs və səfirliyin II katibi xanım Sara Kelli ilə görüşüb.
   
   Görüşdə Azərbaycanla Avstraliya arasında ikitərəfli əlaqələrin, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. İki ölkənin mədəni əlaqələrinin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
   Söhbət əsnasında nazir Əbülfəs Qarayev bu il aprelin 7-9-da Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumunda Avstraliyanın Qlobal Dialoq Fondunun direktoru Piter Qordjievskinin iştirak etməsini nəzərə çatdırıb. Nazir həmçinin 2010-cu ildə Avstraliyada keçirilmiş Vomad Beynəlxalq Musiqi Festivalında Azərbaycanlı musiqiçilərin çıxış etdiyini xatırladıb.
   Nazir Əbülfəs Qarayev ölkəmizin mədəni həyatı, keçirilən genişmiqyaslı beynəlxalq festivallar, tədbirlər və sərgilər haqqında qonaqlara məlumat verib, Avstraliyadan olan nümayəndələri də belə beynəlxalq tədbirlərdə iştirak etməyə dəvət edib.
   Səfir Yan Biqqs isə öz növbəsində turizm sahəsi üzrə təhsil alan tələbələr arasında təcrübə mübadiləsi təklifini irəli sürüb, sonra isə digər konkret tədbir və layihələr müzakirə edilib.
   Görüşün sonunda səfir Yann Biqqs səmimi qəbula görə nazirə təşəkkür edərək iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə genişlənəcəyinə əmin olduğunu bildirib.