Xəbər verdiyimiz kimi, bu ilin iyununda Çexiya Respublikasının Lidise şəhərində keçirilən “Lidise 2011: Uşaqların incəsənət əsərlərinin beynəlxalq sərgisi”nə azərbaycanlı uşaqların rəsmləri də göndərilmiş və onların bir qrupu mükafatlara layiq görülmüşdü. Oktyabrın 27-də Bakıda sərgi qalibi olan azərbaycanlı uşaqların mükafatlandırma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Çexiyanın Azərbaycandakı səfiri Radek Matula xatırladıb ki, Lidise sərgisi hər il təşkil olunur və bura onlarla ölkədən olan uşaqlar qatılır. Səfir deyib ki, sərginin 362 azərbaycanlı iştirakçısından peşəkar münsiflər heyəti rəsm və qrafika kateqoriyasına aid 22 əsəri mükafatlandırıb.
Uşaq və məktəbliləri təbrik edən səfir valideyn və müəllimlərə uşaqların bədii qabiliyyətlərinin inkişafına şərait yaratdıqlarına görə təşəkkür edib. Diplomat gələn il keçiriləcək Lidise sərgisində Azərbaycandan olan uşaqların daha fəal iştirak edəcəklərinə ümid etdiyini bildirib.
Təltifetmə mərasimində Azərbaycanın Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, yerli təhsil ocaqlarının nümayəndələri, habelə məktəblilər və onların valideynləri iştirak edib.