Oktyabrın 26-da UNESCO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 36-cı sessiyası işə başlayıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri, ölkəmizin birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyanın işində iştirak edib.
   
   Dünyanın 193 ölkəsindən nümayəndə heyətlərinin, bir sıra ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi sessiyaya sədrlik edən Macarıstan nümayəndəsi Katalin Bodjiay gündəlikdə duran məsələlər barədə məlumat verib. Qeyd olunub ki, sessiyada UNESCO-nun 2012-2013-cü illər üçün ilkin proqramı və büdcəsinin təsdiq edilməsi ilə bağlı müzakirələr aparılacaq, dünyada dayanıqlı inkişafın, mədəniyyətlərarası dialoqun təmin olunması, zorakılığın bütün təzahürlərinin qarşısının alınması, həmçinin gender bərabərliyi, gəncliyə və Afrika qitəsinə yardımların edilməsi diqqət mərkəzində olacaq, “Təhsil hamı üçün” proqramına dəstək veriləcək.
   UNESCO İcraiyyə Şurasının sədri Eleonora Mitrofanova yoxsulluğun azaldılması, savadsızlıqdan əziyyət çəkən bölgələrdə təhsil problemləri, gender bərabərliyinin qorunması istiqamətində təşkilatın həyata keçirdiyi tədbirlərdən danışıb. UNESCO-nun baş direktoru İrina Bokova öz çıxışında bildirib ki, təhsil, elm, mədəniyyət və digər sahələrin inkişafını özünün prioriteti elan edən təşkilat qlobal çağırışlara hər zaman həssas münasibətilə seçilib. Baş direktor vurğulayıb ki, gələn il Rio-de-Janeyroda keçiriləcək beynəlxalq konfrans dünyada gedən proseslərin öyrənilməsi və bir çox problemlərin həllinə yardım edəcək iqtisadi inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
   Sonra sessiya çərçivəsində “UNESCO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?” mövzusunda Liderlər Forumu başlayıb. Macarıstan, Qabon, Kot-d-İvuarın prezidentləri, Qrenada və Beninin baş nazirləri dünyada mövcud problemlərin həlli baxımından Forumun əhəmiyyətini vurğulayıblar.
   
   Dünyanı hədəf alan problemləri sivil dialoqla aradan qaldırmalıyıq
   
   Mehriban xanım Əliyeva Liderlər Forumunda çıxış edib. Forumun mövzusunun bütün dünya üçün aktual olduğunu deyən Mehriban Əliyeva bildirib ki, bəşəriyyətin gələcəyi sülh mədəniyyətini formalaşdırması və davamlı inkişafın təmin olunmasından asılıdır: “Hazırda biz olduqca mürəkkəb dünyada yaşayırıq. Bir tərəfdən, o, yeni texnologiyaların tətbiqi və müasir elmin sürətli inkişafı ilə xarakterizə olunur. Digər tərəfdən, dünyada dərin maliyyə böhranı yaşanır və bir çoxları bunu daha ciddi sistematik böhranın əlamətləri kimi görür. Hazırkı qloballaşma hamımızı qlobal dünyanın sakinlərinə çevirib. Lakin əfsuslar olsun ki, biz, eyni zamanda, heç vaxt görünməmiş dərəcədə bir-birimizdən ayrıyıq. Dözümsüzlük, ksenofobiya və ədavət bu bölünməni daha da dərinləşdirir. Dünyanın bir çox ölkələrində on milyonlarla insan irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcrid olunmanın ağır nəticələri ilə üzləşir. Günahsız insanların həyatına son qoyan terror aktları, siyasi və dini radikalizm bizim və övladlarımızın təhlükəsizliyini sual altına çəkir.
   Müharibə və münaqişələr milyonlarla insanları məhv edərək, dünyanın müxtəlif guşələrində davam edir. Ölkəmiz - Azərbaycan üçün münaqişə və onun nəticələri sadə sözlər yox, acı həqiqətdir. On minlərlə insanın həyatına son qoymuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hər birimizin ən böyük ağrısı olaraq qalır. Böyük sayda tarixi və memarlıq abidələri, məktəblər, muzeylər və kitabxanalar işğal olunmuş Azərbaycan torpaqlarında məhv edilib. Ekspertlərin hesablamalarına görə, əgər münaqişələrin qarşısı alınmasa, onların nəticəsində XXI əsrdə 150 milyondan artıq qadın və uşaq həyatını itirə bilər. Həmin müharibələrin əksəriyyəti ədavət və dözümsüzlüyün təşviqi ilə başlanmışdır.
   Lakin bu mənfi təsirə baxmayaraq, mən gələcəyə nikbinliklə baxıram. Biz bu hədələri sivil dialoq vasitəsilə aradan qaldırmalıyıq”.
   Bu yaxınlarda Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumundan bəhs edən Mehriban Əliyeva bildirib ki, 39 ölkənin nümayəndələrini bir araya gətirən tədbirdə çoxmədəniyyətlilik, müasir texnologiyalar, elmlərin qovuşması, biotexnologiya və etik problemlər, iqtisadi inkişaf modelinin humanitar aspektləri, sosial media və yüksək texnologiyalar, postmodern cəmiyyətdə ənənəvi dəyərlər sistemi kimi məsələlər müzakirə olunub. Forumda beynəlxalq təşkilatları, o cümlədən UNESCO-nu “bəşəriyyətin müsbət inkişafının qorunması və davam etdirilməsi məqsədilə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real çərçivəni yaratmağa” çağıran Bakı Bəyannaməsi qəbul olunub. Bu, sülh mədəniyyətinin qurulması üçün fundamental əhəmiyyət kəsb edir”.
   Mehriban Əliyeva daha sonra deyib: “ Aydındır ki, yeni dünya nizamı artıq formalaşır və bu proses bir çox çətinliklərlə müşayiət olunacaqdır. Bu mənada, insan sivilizasiyasının taleyi üçün məsuliyyətimizin dərk edilməsi mühüm məsələdir. Səmimi dialoq, xoş məram, üzləşdiyimiz problemlərin daha yaxşı qavranılması və qarşılıqlı anlaşma özümüz və gələcək nəsillər üçün çətinliklərin uğurla aradan qaldırılmasında lazım olacaq vasitələrdir”.    

   * * *
   Qeyd edək ki, UNESCO-nun Baş Konfransının 36-cı sessiyasının gedişində təşkilatın növbəti beş il - 2014-2019-cu illər üçün ortamüddətli strategiyasına uyğun fəaliyyət planının hazırlanması da diqqət mərkəzindədir. Baş Konfrans Fələstinin UNESCO-ya üzv qəbul edilməsi məsələsinə də baxacaq. Noyabrın 2-də keçiriləcək Baş Konfransın xüsusi plenar iclası isə mədəni müxtəlifliklə bağlı UNESCO-nun qəbul etdiyi ümumi bəyannamənin qəbulunun 10 illiyinə həsr olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar