Noyabrın 1-də «Park İnn» hotelində Avropa Birliyinin “Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı” çərçivəsində Mədəniyyət Proqramı Regional Monitorinq və İmkanların Gücləndirilməsi Bölməsinin dəyirmi masası keçirildi. Dəyirmi masada Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, eyni zamanda nazirliyin tabeçiliyində olan aidiyyəti qurumların təmsilçiləri, mədəniyyət sahəsində müstəqil ekspertlər iştirak edirdilər.
Tədbirdə çıxış edən Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin əməliyyat idarəsinin rəhbəri Federiko Berna bildirdi ki, “Şərq Tərəfdaşlığı” proqramının həyata keçirilməsi insanlar arasında əlaqələrin aktivləşdirilməsi və mədəni əməkdaşlığın qurulmasına yönəlib. Qeyd olundu ki, Avropa Birliyi Azərbaycanda mədəniyyət sahəsində bir sıra proqramlar reallaşdırır, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində belə layihələr 2010-cu ildən həyata keçirilir: “Mədəniyyət Avropaya inteqrasiyanın mühüm bir hissəsini təşkil edir. Avropa öz mədəni müxtəlifliyi ilə fəxr edir. Müvafiq qanunvericilik vasitəsi ilə mədəniyyət sahəsində təşəbbüslərin, fəaliyyətlərin gücləndirilməsi nəzərdə tutulub. Bununla bağlı ölkələr arasında mədəniyyət əlaqələrini daha da genişləndirmək üçün “Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı” iştirakçı ölkələrə çoxtərəfli bir platforma təklif edir. Proqramın əsas məqsədi regionda davamlı inkişafa dəstək vermək və dövlət səviyyəsində mədəniyyət siyasətinin genişləndirilməsi və təcrübələrin bölünməsini stimullaşdırmaqdır”.
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə “Şərq Tərəfdaşlığı” proqramının ölkəmizdə mədəni layihələrin reallaşdırılması üçün yeni imkanlar yaratdığını, Avropada mədəni proseslərin inkişafına təkan verəcəyini qeyd etdi. Nazirlik rəsmisi Azərbaycanın Avropa Birliyi ilə mədəni layihələrə xüsusi önəm verdiyini bildirdi. Qeyd olundu ki, əməkdaşlığın başlanğıcında inkişafa yardım diqqət mərkəzində olduğu halda, sonrakı əlaqələr siyasi dialoq, iqtisadi inkişaf, ətraf mühit, təhsil və mədəniyyət kimi geniş çeşidli sahələri əhatə edən strateji tərəfdaşlığa çevrilib.
Tədbirdə qarşılıqlı əlaqələrin genişləndirilməsi, milli və regional səviyyədə mədəniyyət, mədəni irs, incəsənət, mədəni turizm sahəsində siyasətin prioritet sahələrinin müəyyən edilməsi, ehtiyacların öyrənilməsi və s. məsələlərə dair fikir mübadiləsi aparıldı.
Ceyhun