Dünyanın ən gözəl kuklaları Bakıda sərgilənirdi
   
   Tədbirdə Belarusdan interyer kukla ustası Qalina Dmitruk, Çexiya kukla klubunun yaradıcısı, Praqadakı beynəlxalq kukla sərgisinin direktoru Boqdana Klotilova, interyer kuklası sahəsində mütəxəssis Yelena İlina, İtaliyadan kukla sənətinin magistri, bir çox beynəlxalq mükafatların laureatı Katerina Veştak, Rusiyadan «Vaxtanov» kukla qalereyasının direktoru İrina Mızina, «Dünya kuklaları» Fondunun icraçı direktoru Olqa Laxina, «DollArt» yaradıcılıq birliyinin üzvü İrina Qoryunova, Sankt-Peterburq kukla məktəbinin tanınmış nümayəndələri Olqa Qerr, Natalya Beltyukova, Viktor Qriqoryev, habelə Fransa, Latviya, Niderland, Ukrayna mütəxəssisləri iştirak edirdi. Onların sərgi ilə bağlı təəssüratları da maraqlı idi.
   Özünün qeyri-adi görünüşü ilə kuklanı xatırladan belaruslu interyer kukla ustası Nadin Litinaluski Bakıda tamamilə fərqli bir mədəniyyətlə rastlaşdığını dilə gətirdi: «Bakıya, Beynəlxalq Kukla Biennalesində iştirak etməyə dəvət alanda çox sevindim. Burada çox fərqli bir mədəniyyət, adət-ənənə ilə rastlaşdım. Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq, onu öyrənmək istərdim. Eyni zamanda Bakıda rəssamlarla, yaradıcı insanlarla ünsiyyət qurmaq da çox maraqlıdır. Bu sərgidə təqdim etdiyim kuklanı Bakıya həsr etmişəm. O mənim ən çox sevdiyim yazıçının qəhrəmanıdır. Deməli, kukla sənəti həm də xalqları, onların mədəniyyətini birləşdirir, onları yaxınlaşdırır. Bir məqamı da qeyd etmək istərdim ki, sərgidə Azərbaycan rəssamlarının əl işləri daha çox xoşuma gəldi. Ona görə də təkrarən Bakıya gəlmək niyyətindəyəm”.
   Rusiyanın «Vaxtanov» kukla qalereyasının direktoru İrina Mızina kukla biennalesini heyranedici hadisə kimi dəyərləndirdi: «Mən hamını belə möhtəşəm sənət bayramı münasibətilə təbrik edirəm. Həmişə düşünmüşəm ki, harada yaşamasından, milliyyətindən, yaşından asılı olmayaraq hər kəsin öz sevdiyi kuklası olur. İnanın ki, sərgiyə gələn hər kəs öz sevimli kuklasını axtarır. Çünki kukla həm də ünsiyyət vasitəsidir: o insanları daha tez yaxınlaşdıra bilir. Kukla sənətinin tarixi çox qədimdir. Art-kuklaya gəlincə, bu sənət gəncdir. Lakin buna baxmayaraq dünyada sürətlə inkişaf edir və bu bizi sevindirir. Çox şadam ki, dünyada müəllif kuklaları sahəsində ilk dəfə Bakıda keçirilən belə bir biennaledə müxtəlif ölkələrdən çoxlu sənətkarlar toplaşıb. Biz tanış olur, fikir mübadiləsi aparırıq. Bundan gözəl nə ola bilər? Düşünürəm ki, bunun davamı olmalıdır. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə minnətdaram ki, bizlər üçün belə bir bayram təşkil edib. Bir neçə il bundan əvvəl Rusiyanın kukla aləmində ən məşhur qalereyalarından biri olan «Vaxtanov» qalereyasının eksponatlarından ibarət sərgi Bakıda təşkil olunmuşdu. O vaxt mən də Bakıya gəlmişdim. Aradan az vaxt keçməsinə baxmayaraq paytaxt çox dəyişib, gözəlləşib».
   «Dünya kuklaları» Fondunun icraçı direktoru Olqa Laxina Bakının belə beynəlxalq tədbirə ev sahibliyi etməsini yüksək qiymətləndirdi: «Dünyanın tanınmış kukla ustaları bir araya gəlib. Əlbəttə, bu bizə yeni tanışlıq, fikir mübadiləsi imkanı verir. Sonuncu dəfə ilyarım əvvəl Bakıda olmuşam. Şəhərinizdə elə surətli inkişaf var ki, gözlərimə inana bilmədim. Bakı Şərqlə Qərbi özündə yaşadan möhtəşəm məkana çevrilib. Bakının belə beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi etməsi ölkənizin Avropa və dünya mədəniyyətinə inteqrasiyasının göstəricisidir. Biennaleyə gəlincə, o qədər gözəl təşkil olunub ki, mən sadəcə olaraq heyran oldum. Sərgidə dünyanın ən gözəl, ən mükəmməl sənət əsəri hesab edilən kuklalara rast gəlmək olur. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığımı bildirirəm ki, belə gözəl tədbirin öhdəsindən uğurla gəlib».
   Çexiya Kukla Klubunun yaradıcısı, Praqadakı beynəlxalq kukla sərgisinin direktoru Boqdana Klotilova ölkəsində kukla sənətinin özəllikləri barədə danışmaqla yanaşı, sərginin əhəmiyyətini də yüksək dəyərləndirdi: «Avropanın bir sıra ölkələrində olduğu kimi, hazırda Çexiyada da bədii kukla sənətinə böyük əhəmiyyət verilir. Məsələn, bizim ölkəmizdə daha çox tekstil kuklaların hazırlanması üstünlük təşkil edir. Bu üslub Amerika məktəbi hesab olunur. Bu məktəbdə müasir, rəngarəng kuklalar üstünlük təşkil edir. Bakıda keçirilən biennaledə isə tamamilə fərqli kukla növləri ilə rastlaşdım. Onlar cəlbedici olmaqla yanaşı, həm də gözəl sənət əsərləridir. Burada yerli rəssamlar, kukla sənəti mütəxəssisləri ilə tanış olmaq, əməkdaşlıq etmək istərdim. Bu möhtəşəm tədbirə dəvət olunduğuma görə təşkilatçılara minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bu tədbir davamlı olacaq”.
   İtaliyalı qonaq, kukla sənətinin magistri, bir çox beynəlxalq mükafatların laureatı Katerina Veştak belə sərgilərə kukla sənətinin inkişaf etdiyi bütün ölkələrdə maraq göstərilməsinin vacibliyini diqqətə çatdırdı: «Sərgidə müxtəlif ölkələrin mədəniyyətlərini əks etdirən kuklalar nümayiş olunur. Maraqlısı odur ki, burada həm klassik, həm də avanqard kuklalar özünə yer alıb. Kukla sənəti ilə bağlı sərgilər İtaliyada da tez-tez keçirilir. Sevinirəm ki, bu sənət ölkələri, insanları bir araya gətirir. Hər zaman öz qonaqpərvərliyi ilə seçilən Azərbaycanda da dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərlə bir yerdə olmaq, onların əl işlərinə tamaşa etmək insana sadəcə zövq verir. Bir sözlə, əminəm ki, Bakıdan xoş, yaddaqalan təəssüratlarla ayrılacağam».
   Çexiya Kukla Birliyinin nümayəndəsi, interyer kuklası sahəsində mütəxəssis olan Yelena İlina isə bildirdi ki, müxtəlif rəssamların, sənətkarların toplaşdığı bu tədbir həm də yaradıcı insanlarla tanışlıq üçün gözəl fürsətdir: «Burada Rusiya, Ukrayna, Azərbaycan, İtaliya və digər ölkələrdən art kukla sənətçiləri iştirak edir. Onları görmək, fikir mübadiləsi aparmaq çox gözəldir. Bundan başqa Bakı kimi heyranedici bir şəhəri görmək də çox xoşdur”.
   Ukraynalı kukla ustası Viktoriya Kuklova sərginin təşkilindən məmnun olduğunu dilə gətirdi: «Fusion doll» Beynəlxalq Kukla Biennalesində iştirak etməyimə çox şad oldum. Sərgi gözəl təşkil olunub. Onu da bildirim ki, mən Bakıya, xüsusilə də onun arxitekturasına heyran oldum. Ələlxüsus axşamlar şəhərin işıqlandırılması, rəngarəng işıqlar göz oxaşyır və bu, mənim çox xoşuma gəlir”.
   Riqa Kukla Sənəti Muzeyi kolleksiyasının rəssamı İnara Liepa bizimlə söhbətində əvvəlcə öz yaradıcılığından danışdı: «Ətrafımızda olan əşyalar müxtəlifdir. O bizim diqqətimizi ya cəlb edə, ya da bizim üçün əhəmiyyətsiz ola bilər. Mənim yaradıcılığımda olan dizayn elementləri insanlara gözəl əhval-ruhiyyə bəxş edir və romantik anlar yaşadır. Sərgidə də məhz əl işlərimi belə nümayiş etdirirəm. Təqdim etdiyim kolleksiyaya müxtəlif kuklalar daxildir. Eyni zamanda, demək istərdim ki, Bakı Beynəlxalq Kukla Biennalesi çox gözəl və maraqlı tədbirdir. Burada peşəkar və maraqlı kukla sənəti müəllifləri ilə tanış olduq. Düşünürəm ki, bu beynəlxalq tədbirin parlaq gələcəyi var”.
   Bir sözlə, ilk dəfə Bakıda keçirilən «Fusion doll» Beynəlxalq Kukla Biennalesində iştirak edən mütəxəssislərin təəssürat və rəylərindən də tədbirin böyük maraq doğurduğu aydın sezilirdi.
   
   Mehparə 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar