Dost ölkənin Mədəniyyət Günləri maraqlı tədbirlərlə yadda qaldı
Noyabrın 11-13-də Bakıda Mərakeş Krallığının Mədəniyyət Günləri keçirildi. Bu, iki dost ölkə arasında son illərdə inkişaf etməkdə olan mədəni əməkdaşlığa növbəti töhfə oldu. Qeyd edək ki, Mərakeşin mədəniyyət və incəsənət ustaları artıq ikinci dəfə idi ki, Bakıya gəlirdilər. 2009-cu ildə Azərbaycanda bu ölkənin Mədəniyyət Günləri olmuşdu. Həmçinin 2008 və 2010-cu illərdə Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri gerçəkləşib. Mərakeşdən gələn budəfəki heyətə bu ölkənin mədəniyyət naziri Bin Salem Himmiş başçılıq edirdi.
Mədəni əlaqələr uğurla inkişaf edir
Noyabrın 11-də Mədəniyyət və Turizm Nazirliyində Mərakeş Krallığının mədəniyyət naziri Bin Salem Himmişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Qonaqları salamlayan Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki ölkə arasında mədəni əlaqələrin uğurla inkişaf etdiyini bildirdi: “Son illər bu sahədə xüsusi irəliləyiş nəzərə çarpır. 2008-2010-cu illərdə Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri, 2009-cu ildə isə Bakıda Mərakeş Mədəniyyəti Günləri keçirilib. Mərakeşli mədəniyyət xadimlərinin ölkəmizə budəfəki gəlişi əməkdaşlığımıza növbəti töhfə olacaq”. Nazir müavini bildirdi ki, bu işbirliyinin davam etdirilməsi və 2012-2013-cü illərdə qarşılıqlı şəkildə hər iki ölkədə mədəniyyət günlərinin daha böyük, daha rəngarəng proqramlarla keçirilməsi haqqında ilkin razılıq əldə edilib.
Sonra nazir müavini qonaqlara Azərbaycan mədəniyyətinin keçdiyi inkişaf yolundan danışdı: «Azərbaycan zəngin tarixə və qədim mədəni ənənələrə malik olan çoxkonfessiyalı ölkədir. Şərqdə ilk dəfə məhz Azərbaycanda opera yazılıb, teatrlar və filarmoniya açılıb, simfonik və kamera orkestrləri yaradılıb. Ölkəmizin mədəni həyatı çox dolğundur. Təkcə bu il Azərbaycanda bir neçə festival - musiqi, kukla teatrı, caz və digər festivallar keçirilib».
Söhbət əsnasında Ə.Vəliyev qonaqlara Dağlıq Qarabağ münaqişəsindən də bəhs etdi: «Biz sülhsevər xalqıq. Və ölkə rəhbərliyi bu problemi dinc yolla, beynəlxalq normalar çərçivəsində həll etmək əzmindədir».
Mərakeş Krallığının mədəniyyət naziri Bin Salem Himmiş öz növbəsində ikinci dəfə Bakıda olmasından məmnunluğunu dilə gətirdi: «Azərbaycanda Mərakeş Mədəniyyəti Günlərinin keçirilməsinə görə sevinirəm. Çalışırıq ki, budəfəki mədəniyyət günləri əvvəlkindən daha rəngarəng olsun. Bu çərçivədə ölkəmizin mədəniyyət təzahürlərini təqdim edəcəyik. Mərakeş incəsənətini ölkəmizin musiqi və rəqs kollektivləri təmsil edəcək, foto və rəsm əsərlərinin sərgiləri keçiriləcək. Bakılı tamaşaçılara üç bədii film nümayiş etdiriləcək».
Görüşdə Azərbaycan ilə Mərakeş Krallığı arasında mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə edildi, gələcəkdə hər iki ölkənin mədəniyyət günlərinin təkcə paytaxtlarda deyil, regionlarda da keçirilməsinin vacibliyi qeyd olundu.
Mərakeş Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir
Noyabrın 12-də Mərakeş Krallığının mədəniyyət naziri Bin Salem Himmişin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər, məzarın önünə gül dəstələri qoydular. Qonaqlar akademik Zərifə Əliyevanın da məzarını ziyarət etdilər.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər, “Əbədi məşəl” abidəsinin önünə gül qoydular.
“Mərakeş Krallığı bütün beynəlxalq tədbirlərdə və təşkilatlarda Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir”, - deyə Mərakeşin mədəniyyət naziri Bin Salem Himmiş jurnalistlərə müsahibəsində bildirdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dünyada tanınması istiqamətində əvəzsiz xidmətlər göstərdiyini xüsusi qeyd edən nazir bildirdi ki, burada gördüyümüz qədim mədəniyyət nümunələri bu xalqın nə qədər dərin tarixi köklərə malik olduğunu bir daha təsdiqləyir.
Mərakeş Mədəniyyəti Günlərinin proqramının zəngin olduğunu söyləyən nazir Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının tədbirlər çərçivəsində Mərakeş mədəniyyətinin fərqli cəhətləri ilə tanış olacağına əminliyini ifadə etdi.
Mərakeş Krallığının mədəniyyət naziri Heydər Əliyev Fondunu ziyarət etdi. Qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir. Qonaq ümummilli liderin həyatının müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, ulu öndərə həsr olunmuş kitablarla tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə baxdı. Fondla tanışlıqdan sonra Mərakeşin mədəniyyət naziri xatirə kitabına ürək sözlərini yazdı.
Həmin gün Mərakeş nümayəndə heyəti İctimai Televiziyanın “Yeni gün” verilişinin də qonağı oldu. Azərbaycanda Mərakeş Mədəniyyəti Günlərinin keçirilməsini yüksək qiymətləndirən nazir mədəniyyətlərimiz arasında oxşarlığın olduğunu da bildirdi. “Yeni gün” verilişində Azərbaycanın Mərakeşdəki səfiri Sabir Ağabəyov və Mərakeş Krallığının ölkəmizdəki səfiri Həsən Hami də iştirak edirdilər. Onlar da iki ölkə arasındakı mədəni əlaqələrin genişlənməsindən söhbət açdılar. Daha sonra mərakeşli müğənni Samirə Belhajın və “Cüzüm” qrupunun ifasında iki musiqi nömrəsi səsləndi.
Muzey Mərkəzində fotosərgi, musiqi alətləri sərgisi və xınayaxdı
Noyabrın 12-də Muzey Mərkəzində Mərakeşə həsr olunmuş fotosərgi və bu ölkənin musiqi alətlərinin sərgisi açıldı. Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki ölkə arasında mədəni əlaqələrdən söz açdı. Son üç ildə qarşılıqlı mədəniyyət günlərinin uğurla gerçəkləşdiyini vurğuladı.
Mərakeşin mədəniyyət naziri Bin Salem Himmiş qarşılıqlı mədəniyyət tədbirlərinin gələcək əlaqələrin inkişafında uğurlu addım olduğunu dedi, budəfəki Mədəniyyət Günlərinin proqramı barədə məlumat verdi. Qeyd olundu ki, fotosərgi tamaşaçıları Mərakeşin tarixi abidələri ilə tanış edir. Musiqi alətləri sərgisindən danışan nazir bildirdi ki, Mərakeş və Azərbaycan musiqi alətləri arasında oxşar cəhətlər çoxdur. Nazir onu da vurğuladı ki, sərgidə nümayiş etdirilən fotoşəkillər Muzey Mərkəzinə, musiqi alətləri isə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinə hədiyyə ediləcək.
Sonra sərgiyə baxış keçirildi. Zal boyu düzülmüş böyük fotolar Mərakeşin tarixini, onun mədəniyyətini əks etdirirdi. Qədim və əsrarəngiz Mərakeş fotoşəkillərin dili ilə Azərbaycan tamaşaçısına təqdim olundu.
Mərakeş Krallığının ölkəmizdəki səfiri Həsən Hami Azərbaycanda ikinci dəfə Mərakeş Mədəniyyəti Günlərinin keçirilməsindən məmnunluğunu dilə gətirdi: «Çox şadam ki, azərbaycanlıları Mərakeş mədəniyyəti ilə daha yaxından tanış edə bilirik. Görün, sərgini nə qədər adam ziyarət edir. Bu doğrudan da, heyrətamizdir. İnsanlar bizim tariximiz, mədəniyyətimiz, musiqi alətlərimizlə tanış olurlar».
Sərgidə iştirak edən Mərakeş Mədəniyyət Nazirliyinin əməkdaşı Sumaya Kendouçi isə Bakı ilə bağlı təəssüratlarını bizimlə bölüşdü: «Bakı inanılmaz dərəcədə xoşuma gəldi. Çox gözəl şəhərdir. İnsanları isə olduqca qonaqpərvərdir. Təkrar Bakıya gəlmək, onun mədəniyyəti ilə tanış olmaq istərdim».
Sərgidə nümayiş etdirilən Mərakeşin milli musiqi alətlərinə də böyük maraq vardı. Qədim Şərqin ənənəvi musiqi aləti olan ud isə xalqlarımız arasında oxşarlığın daha bir məqamını isbatlayırdı.
Tədbirin ən maraqlı məqamlarından biri «Xınayaxdı» idi. Qədim Şərq ənənəsini əks etdirən bu mərasim mərakeşli Çouat Fadila tərəfindən ud musiqi alətinin müşayiəti ilə icra edilirdi. Mərakeşli xanım mərasimə xüsusi maraq göstərən azərbaycanlı xanımların əllərinin üzərinə xına ilə müxtəlif naxışlar vururdu. Özünün dediyinə görə, bu işə peşə deyil, hobbi kimi yanaşır: «Bizdə xına ilə naxış vurma ənənə kimi bir nəsildən digərinə ötürülür. Və mən də bunu yaşatmağa çalışıram».
Bir sözlə, Mərakeş Mədəniyyəti Günləri insanların yaddaşında təkcə fotoşəkillər, musiqi alətləri, bu ölkənin incəsənəti ilə deyil, həm də xına ilə iz qoydu.
Mərakeşin mədəniyyət naziri Azərbaycan xalçalarını heyranlıqla seyr etdi
Noyabrın 13-də Mərakeş Krallığının mədəniyyət naziri Bin Salem Himmiş “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehrli ilmələr” qalereyasında Azərbaycan xalçaları ilə tanış oldu. 1996-cı ildən fəaliyyətə başlayan, hazırda 350 nəfərin çalışdığı “Azərilmə”nin məhsulları ABŞ, Almaniya, Avstriya, Britaniya, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülüb. “Azərilmə” Avropanın Biznes Assambleyasının “United Europe” və “XXI əsrin liderləri” beynəlxalq imic proqramının “Avropa keyfiyyəti” nüfuzlu mükafatlarına layiq görülüb.
Nazir Bin Salem Himmiş qədim xalçaların nümayiş olunduğu sərgini böyük maraqla seyr etdi. Qonaqlara yaşı yüz ildən çox olan xalılar nümayiş etdirildi. Qeyd olundu ki, dünyanın məşhur muzeylərində qorunan qədim Azərbaycan xalçalarının eyni naxış və rəngi qorunmaqla burada yenidən toxunur.
Hazırda “Azərilmə”də çalışan işçilərin arasında rəssamlar, sənətşünaslar, xalçaçılar, boyaqçılar və digər mütəxəssislərin olduğu diqqətə çatdırıldı. Qonaqlara xalçaçılıq sənətimizi əks etdirən hədiyyə kitablar, bukletlər, jurnallar təqdim edildi.
Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi qonaqlarda zəngin təəssürat yaratdı
Noyabrın 13-də Mərakeşin mədəniyyət naziri Bin Salem Himmiş onu müşayiət edən heyətlə birgə Abşeronun ən qədim yaşayış məskənlərindən biri Qala kəndində oldu. 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılan açıq səma altında Arxeoloji Etnoqrafik Muzey Kompleksi qonaqların marağı ilə qarşılandı. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanıb.
Qonaqlar “Qala əntiq əşyalar muzeyi” nə baş çəkdilər. Muzey Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şahid Həbibullayevin şəxsi kolleksiyası əsasında yaradılıb. Burada 800 eksponat nümayiş etdirilir. Üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində əsasən Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri, üçüncü mərtəbədə isə ölkənin müxtəlif bölgələrindən toplanmış, ABŞ, Almaniya, Avstriya, Rusiya, Fransa və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir. Müxtəlif əsrlərə aid samovarlar, su dolçaları, lampalar, mücrülər, kəmərlər, sinilər və s. muzeydə sərgilənmiş əntiq əşyalar haqqında qonaqlara ətraflı məlumat verildi.
Daha sonra qonaqlar kəndin ərazisində yerləşən XIV-XV əsrlərə aid Qala abidə kompleksi ilə də tanış oldular. Qeyd edək ki, burada aparılan qazıntılar nəticəsində e.ə III-II minilliyə, həmcinin XIV-XV əsrlərə aid müxtəlif tapıntılar aşkar edilib. Müşahidə və mühafizə məqsədi ilə istifadə olunmuş X-XIV əsrlərə aid, 13,8 metr hündürlüyündə qülləyə çıxan qonaqlar buradan kəndi seyr etdilər.
Qala kəndinin qədim tarixi ilə tanış olan qonaqlar bu sehrli məkandan zəngin təəssüratlarla ayrıldılar.
“Mədəniyyət və bəşəri inkişafa ümidlər”
Mərakeş Mədəniyyəti Günləri çərçivəsində noyabrın 13-də Milli Kitabxanada da tədbir keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əməkdaşları, kitabxana və muzey rəhbərləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdiyini bildirdi. Onun sözlərinə görə, yaxın gələcəkdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə Mərakeş Krallığının Milli Kitabxanası arasında əməkdaşlıq sazişi imzalanacaq ki, bu da qarşılıqlı kitab mübadiləsini həyata keçirməyə imkan verəcək.
Mərakeşin mədəniyyət naziri Bin Salem Himmiş Azərbaycan paytaxtında ikinci dəfə olduğunu, Bakını mədəniyyət şəhəri kimi qəbul etdiyini bildirdi. Azərbaycan Milli Kitabxanasının dünyanın 27 ölkəsinin milli kitabxanası ilə əməkdaşlıq etdiyini müsbət hal kimi dəyərləndirən nazir yaxın vaxtlarda Mərakeş Milli Kitabxanasının da bu sıraya qoşulacağını qeyd etdi.
Sonra nazir “Mədəniyyət və bəşəri inkişafa ümidlər” mövzusunda çıxış etdi. Məruzədə qeyd olundu ki, bütün dünyada bəşəri inkişafa xüsusi önəm verilir. Mədəni əlaqələrin inkişafı insanlar arasında yüksək insani keyfiyyətlərin formalaşmasına müsbət təsir edir. BMT tərəfindən bu istiqamətdə layihələr həyata keçirilir. Mədəniyyətin sərhədi olmadığını deyən natiq çıxışında İslam mədəniyyətinin Avropaya təsirindən, mədəni əlaqələrin dünya ölkələri arasında münasibətlərin formalaşmasında oynadığı roldan ətraflı bəhs etdi.
Mehparə,
Reyhan,
Ceyhun