Mədəniyyət işçilərinin konfransında bir sıra təkliflər səsləndi, dövlət başçısına müraciət qəbul olundu
   
   Noyabrın 18-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə mədəniyyət işçilərinin “Qarabağın mədəni irsini qoruyaq” adlı konfransı keçirildi.
   
   Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əzəli və əbədi vətən torpağı olan Qarabağın tarixindən, zəngin mədəniyyətindən danışdı. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın ermənilər tərəfindən işğalının acı nəticələrindən söz açan natiq bu işğal faktının dünyada yayılması, Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində məqsədyönlü addımların atıldığını, mədəniyyətimizin dünya səviyyəsində təbliğ olunduğunu bildirdi: “Bu gün Şuşanın, Qarabağın mədəni irsinin, bütövlükdə Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması istiqamətində böyük işlər görülür. Şuşa rayonunun musiqi məktəblərində təhsil alan gənc istedadların beynəlxalq festivallarda iştirakı da bu məqsədə xidmət edir. Təkcə son iki ildə rayonun Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 4 musiqi ansamblı yaradılıb. Şagirdlər müxtəlif mədəni tədbirlərdə iştirak edərək, ölkəmizi uğurla təmsil ediblər”.
   Bayram Səfərov qeyd etdi ki, Qarabağın mədəni irsinin təbliği hər bir vətəndaşın diqqətində olmalıdır. Azərbaycanın müvəqqəti işğal altında olan torpaqlarının tarixi irsi, sənət növləri, incəsənəti qorunub nəsildən-nəslə ötürülməlidir. Gələcək nəsillər ata-babalarından miras qalmış zəngin mədəniyyətə sahib çıxmalıdırlar.
   Sonra Şuşa rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov “Qarabağın mədəni irsini qoruyaq” adlı geniş məruzə ilə çıxış etdi. Qeyd olundu ki, mədəniyyət işçilərinin ötən il keçirilən birinci konfransından keçən dövr ərzində bir sıra layihələr həyata keçirilib, il ərzində mədəniyyətimizin təbliği istiqamətində müxtəlif tədbirlər təşkil olunub: “Mədəniyyət işçilərinin ikinci konfransı “Qarabağın mədəni irsini qoruyaq” adı altında keçirilir. Bu da təsadüfi deyil. Bu konfrans Qarabağın mədəni irsinin qorunmasına, təbliğat işlərinin genişləndirilməsinə bir çağırışdır”.
   Z.Abbasov qeyd etdi ki, bu gün Şuşa rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 8 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərir ki, bu məktəblərdə 1584 şagird təhsil alır, 328 müəllim çalışır. Bundan əlavə, rayonun mədəniyyət müəssisələri şəbəkəsinə 1 mərkəzləşdirilmiş kitabxana, 31 kitabxana filialı, 1 şəhər mədəniyyət evi, 2 kənd mədəniyyət evi, 1 klub, 1 rəsm qalereyası və Üzeyir Hacıbəylinin ev-muzeyi daxildir.
   Musiqi məktəblərinə lazımi fəaliyyət göstərməsi üçün şərait yaradılıb, kitabxanaların fondları zənginləşdirilib, lazımi inventar avadanlıqlarla təmin olunub. Bütün bunların nəticəsidir ki, oxucuların sayı 5-6 dəfə artıb. Son iki ildə yaradılan 4 musiqi ansamblı fəaliyyətini yüksək səviyyədə davam etdirir.
   Şuşa Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Vüsalə Fətəliyeva mədəniyyət sahəsində görülən işlərdən danışdı. Mədəniyyətin güclü təbliğat vasitəsi olduğunu vurğulayan natiq qeyd etdi ki, bu vasitədən istifadə edib tarixi həqiqətlərimizi dünyada daha geniş tanıtmalıyıq. V. Fətəliyeva “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin nəzdində Mədəniyyət Komissiyasının yaradılmasını təklif etdi, mövcud təbliğat imkanlarının daha da genişləndirilməsini zəruriliyini vurğuladı: “Qarabağ müvəqqəti işğal altında olsa da biz torpağımızın sahibi kimi öz sözümüzü deməliyik. Bu işlərin təkmilləşdirilməsi üçün yeni təşəbbüslərlə, layihələrlə çıxış etməliyik. Çünki zaman bizdən bunu tələb edir”.
   Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli çıxışında konfransın aktual mövzuya həsr olunduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycanın işğal altındakı torpaqlarının zəngin mədəni irsinin dünyaya tanıdılması, tarixi həqiqətlərin dolğun şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması vacibdir. İşğal altındakı torpaqlarda 9 dünya əhəmiyyətli, 200-dən çox ölkə əhəmiyyətli abidə qalıb. Onların böyük əksəriyyəti dağıdılıb. Bu barədə tarixi həqiqətləri yaymaq hər birimizin vətəndaşlıq borcudur.
   Sektor müdiri qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu sahədə geniş təbliğat işləri aparılır. Azərbaycan mədəniyyəti dünyada yüksək səviyyədə tanınır. Ancaq bu təkcə dövlət qurumlarının deyil, hər birimizin işi olmalıdır.
   “Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin sədri Rafael Gülməmmədli Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qarabağ mədəniyyətinin təbliği istiqamətində bir sıra tədbirlərin keçirildiyini dedi. O, Qarabağ mədəniyyətini təbliğ edən “Şuşa Evi” adlı mərkəzin yaradılması təklifi ilə çıxış etdi: “Mərkəzin nəzdində elmi qurumun yaradılması da çox gözəl olardı. Çünki müxtəlif muzeylərdə, dünyanın müxtəlif ölkələrində Qarabağla bağlı zəngin arxiv materialları var. Onların heç də hamısı elmi əsaslarla işlənilməyib”.
   Millət vəkili Elman Məmmədov, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqli, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Gülağa Zeynalov, “Qarabağa gedən yol” qəzetinin baş redaktoru Əli Mahmud, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov Qarabağın mədəni irsinin qorunması istiqamətində görülən işlərdən danışdılar, təkliflərlə çıxış etdilər.
   Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlandı. Müraciətdə qeyd olunur ki, bu gün Şuşanın əhalisi, onun mədəniyyət işçiləri, sənət xadimləri doğma yurdun mədəni ruhunu yaşadırlar. Rayonun mədəniyyət müəssisələri, teatr, muzey, kitabxana və musiqi məktəbləri respublikamızın mədəni həyatında yaxından iştirak edir. İncəsənət ustalarının, yeniyetmə musiqiçilərin uğurlu sədaları ən müxtəlif müsabiqələrdən, sənət yarışmalarından gəlir. Müraciətdə konfrans iştirakçılarının bir arzusu da əks olunub: “Bu gün bizim bir arzumuz da Bakıda Şuşa Mədəniyyət Mərkəzinin yaradılmasıdır. İnanırıq ki, zati-alinizin diqqət və qayğısı sayəsində Şuşanın mədəni irsini, musiqi, sənət zənginliyini daha geniş təbliğ etməyə imkan yaradacaq belə bir mərkəz fəaliyyətə başlayacaqdır. Sizə Vətənimizin çiçəklənməsi, ölkəmizin torpaq bütünlüyünün təmin olunması istiqamətində yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq”.
   Daha sonra konfransın yekununa dair qərar qəbul edildi. Qərarda Qarabağın mədəni irsinin qorunması və beynəlxalq arenada təbliği məqsədilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin nəzdində Mədəniyyət Komissiyasının yaradılması da əksini tapıb. Qərara əsasən, Şuşa, Xocalı, Xocavənd rayonlarının mədəniyyət və turizm şöbələri tərəfindən Qarabağın mədəni irsi və mühitinin öyrənilməsi, təbliği məqsədilə mədəniyyət lektoriyaları, sərgilər, musiqi festivalları təşkil olunacaq, videoçarxlar hazırlanacaq.
   Qeyd edək ki, ölkə prezidentinin 2011-ci il 18 oktyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar bir qrup şəxs orden və medallarla təltif edilib. “Tərəqqi” medalı ilə təltif olunanlar arasında Şuşa rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov da var. Konfransda Zahid Abbasova “Tərəqqi” medalı təqdim olundu.
   Şuşa mədəniyyətinin təbliğində fəaliyyətinə görə fərqlənən bir qrup mədəniyyət işçisinə isə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin fəxri fərmanları verildi. Sonda “Şuşa” xalq çalğı alətləri ansamblının ifasında musiqi nümunələri təqdim olundu.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar