ABŞ Dövlət Departamentinin təşkilatçılığı və sponsorluğu ilə bu ilin sentyabr ayında Muzey İnkişafı və İdarəçiliyi üzrə Beynəlxalq Liderlik Proqramı təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə proqramda iştirak etmək məqsədilə ölkəmizdən 5 muzey mütəxəssisi Amerikaya ezam olunub.
   
   Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun əməkdaşı Mehin Vahabova, İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Milli İncəsənət Muzeyinin elmi katibi Xədicə Əsədova, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi işçisi Əfşan Səfərova və «İçərişəhər» Dövlət Qoruğu Muzeyinin şöbə müdiri Nahidə Bəkirova sentyabrın 17-dən oktyabrın 9-dək sözügedən proqramda iştirak ediblər. Onlar ezamiyyə zamanı Azərbaycan üçün hazırlanmış layihə üzrə ABŞ-da muzeylərin inkişafı və idarəetməsi, Vaşinqton, Minneapolis, Los-Anceles, Nyu-York şəhərlərində yerləşən muzeylərin fond və ekspozisiyaları ilə tanış olublar. Muzey əməkdaşları ilə kütləvi iş və turistlərin cəlb olunması barədə qarşılıqlı müzakirələr keçirilib.
   Layihə çərçivəsində həmçinin müxtəlif növ muzeylərin fəaliyyəti və burada tətbiq olunan ən son informasiya texnologiyaları, onlayn və rəqəmsal xidmətlər araşdırılıb. Layihə beynəlxalq əməkdaşlığın artırılması, peşəkarların təcrübə mübadiləsi üçün imkanlar yaradıb.
   Noyabrın 29-da Muzey Mərkəzində layihənin yekunlarına dair seminar keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova layihə barədə məlumat verdikdən sonra səfərin proqramından söz açdı. Qeyd olundu ki, layihə zamanı Corc Vaşinqtonun Maunt Vernon malikanəsi, Dambarton Ouks Araşdırma Kitabxanası, Milli Amerika Tarixi Muzeyi, «Newseum» Xəbərlər Muzeyi, Milli Amerika Hinduları Muzeyi, Minnesota Tarix Mərkəzi, Gibbs Muzeyi, Amerika Qərb Muzeyi, Los-Anceles şəhər İncəsənət Muzeyi, Metropoliten İncəsənət Muzeyi və digər muzeylərə baş çəkilib. Bunlarla yanaşı İncəsənət Muzeylərinin Assosiasiyası direktorları ilə görüş də keçirilib. Görüşdə 1916-cı ildə təsis edilən bu təşkilatın incəsənət muzeylərindəki peşəkar təcrübə və siyasətini işləyib hazırlamaqdakı rolu izah edilib.
   Ezamiyyənin sonuncu günü isə nümayəndələr Pablo Pikasso, Salvador Dali, Vinsent Van Qoq kimi dünyaca məşhur rəssamların əsərlərinin saxlanıldığı “MoMa” Müasir İncəsənət Muzeyində olublar.
   Səfər təəssüratlarını bölüşən İncəsənət Muzeyinin elmi katibi X.Əsədova bildirdi ki, ezamiyyə müddətində bir çox yeniliklərlə tanış olublar: «ABŞ muzeyləri çox zəngindir. Ölkədə 18 minədək muzey var. Dövlət tabeliyində olanların sayı azdır. İnsanlar muzeyləri özlərinə doğma yer bilir, bu mədəniyyət ocaqlarında həm də istirahət edirlər. Onlar muzeylərin dükanlarına baş çəkir, restoran və kafelərində yeyib-içirlər. Muzey kafelərində müxtəlif yaş nəslinə mənsub insanları görmək olur. Ümumilikdə müqayisə etdikdə Amerika muzeyləri Azərbaycan muzeylərindən çox fərqlənir. Bizim muzeylərin eksponatları daha zəngin və daha qədimdir. Lakin Amerikada muzeylərin təqdimatı, tanıtımı çox effektli həyata keçirilir”.
   Amerika muzeylərinin dünyada olan ən yüksək texnologiyanı mənimsədiyi deyən X.Əsədovanın sözlərinə görə, bu ölkədə muzey sahələri və fondlarının böyüklüyü də diqqət çəkir: «Bir əşyanın bərpası üçün bəzən illərə çalışırlar. Onlar bu işdə tələsmirlər. Eksponat üçün dizayner, kimyaçı, digər mütəxəssisləri dəvət edirlər. Bütün vəsaiti isə sponsorlar ödəyir. Əşyaların mühafizəsinə elmi cəhətdən çox ciddi yanaşırlar. Yəni insanlar muzeyi yaşadırlar. Muzeylərin sərgilərdən, kafe-restoranlardan, mağazalardan, bilet satışlarından, yardım qutularından gəlirləri var. Bu onlar üçün problem deyil. Əsas məqsədləri isə muzey sərvətlərinin tanıdılmasıdır».
   Daha sonra layihə iştirakçıları Amerikada baş çəkdikləri muzeylər, onların iş prinsipləri haqqında danışdılar.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar