Noyabrın 27-28-də Lüksemburqda keçirilən ənənəvi beynəlxalq yarmarkada 60-dək ölkə iştirak edib. Azərbaycan da ilk dəfə bu tədbirdə təmsil olunub.
   
   Ölkəmizin Belçika Krallığı və Lüksemburq Hersoqluğundakı səfirliyinin dəstəyi, Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyəti Assosiasiyası və Lüksemburq-Azərbaycan Ticarət Palatasının birgə səyi ilə təşkil olunmuş satış-sərginin zənginliyi yarmarkaya gələnlərin diqqətini cəlb edib. Sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın redaktoru olduğu “Bakı” jurnalının ingilis dilində çap olunmuş nüsxələri, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş, ölkəmizin tarixi, mədəniyyət və incəsənəti, Azərbaycan həqiqətlərindən bəhs edən ingilis və fransız dillərində kitab və broşürlər, çay dəstgahı, musiqi alətləri, kiçik xalçalar, nərd, milli ornamentləri əks etdirən suvenirlər və digər eksponatlar nümayiş etdirilib. Guşədə həmçinin müxtəlif çeşiddə meyvələr, şirniyyatlar, şirələr, mürəbbələr və digər məhsullar satışa qoyulub. Yarmarkada keçmiş SSRİ-dən yalnız Azərbaycan və Rusiya iştirak edib.
   Lüksemburq-Azərbaycan Ticarət Palatası və “Qarabağ” Mədəniyyət Assosiasiyası sədrlərinin müavini Seymur Əhmədov Azərbaycan guşəsinin hazırlanmasında Azərbaycan Beynəlxalq Bankının, “Gilan Holdinq”in, Şəki ipək fabrikinin, AZAL-ın, “ SW Holdinq”in, “ Qazelli” gözəllik salonunun yardım göstərdiklərini bildirib.
   Yarmarkaya baş çəkən Lüksemburq hercoqunun xanımı Azərbaycan guşəsinə xüsusi maraq göstərərək ölkəmizin tarixi, təbii nemətləri barədə ətraflı məlumat alıb, Əməkdar artist Xanlar Bəşirovun nağarada ifa etdiyi milli musiqi nömrəsinə heyran olduğunu bildirib, Azərbaycan nümayəndə heyəti ilə birlikdə xatirə şəkli çəkdirib.
   Guşədə quraşdırılmış televiziya vasitəsilə ölkəmizin tarixi və mədəni abidələri, təbiət mənzərələri, Bakının görməli yerləri, “Eurovizion-2011”in qalibləri ilə bağlı videoçarxlar, sənədli filmlər nümayiş etdirilib, Azərbaycan musiqisi səsləndirilib.
   Yarmarkanın sonuncu iş günü Azərbaycan guşəsinin təşkil etdiyi loto oyununda lüksemburqlu bir xanım gələn il ölkəmizdə keçiriləcək “Eurovizion” mahnı müsabiqəsinin finalında iştirak etmək üçün vəsiqə qazanıb. Loto oyununun digər qaliblərinə ölkəmizdə istehsal olunan məhsullar təqdim olunub.
   Yarmarkada satış zamanı əldə edilən 7 min avroya yaxın vəsait Efiopiyaya yardım fonduna köçürülüb.
   Tədbirdə Azərbaycan guşəsi ilə bağlı yerli RTL televiziya kanalı xüsusi reportaj hazırlamış, yerli qəzetlərdə dərc olunan məqalələrdə ölkəmizin tarixi, mədəniyyəti, təbii sərvətləri barədə məlumat verilmişdir.
   Lüksemburq şəhərinin meri, dahi rus bəstəkarı Raxmaninovun nəticəsi Ksavye Bettel yarmarkadakı Azərbaycan guşəsini yüksək qiymətləndirərək gözəl təbiəti, zəngin mədəni abidələri olan, 2012-ci ildə “Eurovison” müsabiqəsində ev sahibliyi edəcək ölkəmizə səfər edəcəyini bildirib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar