Dekabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubu Niyazinin ev-muzeyində görkəmli bəstəkar, Xalq artisti, Prezident təqaüdçüsü, Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanovla görüş keçirdi.
Tədbirdə əvvəlcə görkəmli bəstəkarın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.
Muzeyin elmi işçisi Təranə Qurbanova T.Bakıxanovun həyat və yaradıcılığı haqqında məlumat verdi. Qeyd olundu ki, 1930-cu il dekabrın 8-də Xalq artisti Əhmədağa Bakıxanovun ailəsində dünyaya göz açan Tofiq Bakıxanov mükəmməl musiqi təhsili almış, Azərbaycan və dünya klassik musiqi ənənələrini mənimsəmişdir.
Sonra Əməkdar incəsənət xadimi, professor, musiqişünas Zemfira Qafarova iştirakçılara bəstəkarın yaradıcılığı haqqında geniş və əhatəli məlumat çatdırdı. Bildirildi ki, Tofiq Bakıxanov yaradıcılığının ilk dövründə skripka ifaçısı kimi tanınmış, zaman keçdikcə yaradıcılığını genişləndirərək bəstəkarlıq fəaliyyətinə başlamışdır: “Bəstəkarın simfonik əsərləri, tamaşalara bəstələdiyi musiqiləri, simfonik muğamları, instrumental və vokal əsərləri ölkəmizin hüdudlarından kənarda da səslənməkdədir. Sənətkar yaşının ixtiyar çağında da yorulmadan çalışır, yeni əsərlər yaradır, musiqimizi dünyanın müxtəlif ölkələrində təbliğ edir”.
Tofiq müəllim tədbirdə iştirak edən hər kəsə dərin təşəkkürünü bildirdi: ”Yaşımın bu çağında belə yaradıcılıq enerjim tükənməyib. Dövlətin mənə göstərdiyi qayğı və diqqət məni yeni əsərlər yaratmağa ruhlandırır”.
Tədbir bəstəkarın musiqi əsərlərinin səslənməsi ilə davam etdi. Əməkdar artist Zakir Mirzəyevin ifasında bəstəkarın atasına həsr etdiyi “Xatirə” kompozisiyası, beynəlxalq müsabiqələr laureatı Maya Sadıqzadənin ifasında fortepiano üçün “İki prelüd”, Cəmilə Abbasovanın təqdimatında skripka üçün “Azərbaycan sonatası” və s. əsərlər səsləndi.
Lalə Azəri