Görkəmli jurnalist və alimin 100 illik yubileyi ilə bağlı konfrans
   
   Dekabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində milli mətbuatımızın görkəmli nümayəndəsi, alim, ictimai xadim, professor Nəsir İmanquliyevin 100 illik yubileyi ilə bağlı “Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” adlı konfrans keçirildi. 

  Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən tədbiri qurumun sədri Əflatun Amaşov açaraq bildirdi ki, ölkə prezidentinin sərəncamına əsasən Nəsir İmanquliyevin 100 illik yubileyi münasibətilə tədbirlər keçirilir. Bu konfransın da həmin tədbirlərdən biri olduğunu qeyd edən Şura sədri Nəsir İmanquliyevin jurnalistlik və elmi-pedaqoji fəaliyyətindən söz açdı, görkəmli mətbuat xadiminin milli mətbuatımızın inkişafına töhfəsindən, jurnalist kadrların hazırlanmasında əməyindən söz açdı.
   Sonra BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli Nəsir İmanquliyevin irsi haqqında geniş məruzə etdi, onu Azərbaycan jurnalistlərinin böyük bir ordusunun müəllimi kimi xarakterizə etdi. Nəsir İmanquliyevin “Kommunist” qəzetində məsul katib və baş redaktorun müavini kimi fəaliyyətindən danışan natiq həmin dövrdə qəzetin səhifələrində gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xidmət edən “Döyüşən səhifələr” guşəsinin yaradılmasından, qəzetdə ədəbiyyat dərnəyinin təşkilindən bəhs etdi. Qeyd olundu ki, Nəsir müəllim Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin nəzdində jurnalistika şöbəsinin yaradılmasında bilavasitə iştirak edib, tələbələrə jurnalistikanın əsaslarını, nəzəriyyəsini və təcrübəsini yorulmadan tədris edib. N.İmanquliyevin yaratdığı və 30 il rəhbərlik etdiyi “Bakı”-“Baku” qəzetləri isə milli mətbuat tariximizdə layiqli iz qoyub. Vaxtilə bu qəzetlərdə jurnalistlik fəaliyyətinə başlamış gənclər bu gün mətbuat sahəsində tanınmış simalardır.
   Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev konfransın professor Nəsir İmanquliyevin qəzetçilik təcrübəsinin və yaradıcılığının öyrənilməsi ilə yanaşı, həm də milli jurnalistikamızın tarixinə nəzər salmaq baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı. Onun həyat və yaradıcılığı müasir jurnalistikamız üçün böyük örnəkdir.
   BDU-nun professoru Şirməmməd Hüseynov 40 ildən artıq bir müddətdə Nəsir müəllimlə bir yerdə çalışdığını, onun hərtərəfli savadlı, təcrübəli jurnalist-müəllim, səmimi və xeyirxah həmkar, qayğıkeş insan olduğunu vurğuladı.
   Tanınmış jurnalist Yusif Kərimov 1958-ci ildə Nəsir müəllim tərəfindən əsası qoyulmuş "Bakı" qəzetinin, daha sonra isə rus dilində nəşrə başlayan “Baku” qəzetinin Azərbaycan mətbuatında özünəməxsus yer tutduğunu vurğuladı. Qeyd etdi ki, Nəsir müəllim otuz il müddətində xalq sevgisi qazanan bu nəşrlərdə bütöv bir jurnalistika məktəbi yaratmışdır.
   Konfransda çıxış edən professor, Əməkdar jurnalist Şamil Şahməmmədov, “Bakı” və “Baku” qəzetinin redaktoru Ağa Hüseynov və başqaları böyük alim və jurnalistin zəngin yaradıcılığından söz açdılar və onunla bağlı xatirələrini danışdılar.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar