Ümummilli liderə həsr edilmiş sənədli film təqdim olundu
   
   Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan böyük şəxsiyyət, görkəmli siyasət və dövlət xadimi, ümummilli lider Heydər Əliyev hər zaman dərin hörmət və ehtiramla anılacaq.
   
   Xalqına, millətinə böyük məhəbbət və sədaqətlə xidmət edərək hələ sağlığında əbədiləşən dahi lider vəfatının 8-ci ildönümündə də böyük sayğı ilə anıldı. Böyük öndərin xatirəsinə həsr olunan tədbirlərdən biri də Şəhriyar adına Mədəniyyət Sarayında oldu. Dekabrın 10-da burada Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, görkəmli rejissor Vaqif Mustafayevin dahi liderin həyat və fəaliyyəti ilə bağlı çəkdiyi silsilə filmlərin 11-ci seriyasının - “Dövlət” filminin təqdimat mərasimi keçirildi.
   Dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ziyalılar, mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə çıxış edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən söz açdı. Böyük öndərin dövlətçilik fəaliyyətindən danışan natiq müasir Azərbaycan dövlətinin Heydər Əliyevin şah əsəri olduğunu vurğuladı. Qeyd olundu ki, ümummilli liderin ideyaları, Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz tarixi xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək.
   Sonra ulu öndər Heydər Əliyevə həsr olunmuş “Dövlət” filminin təqdimatı oldu.
   Üç hissədən ibarət film ümummilli liderin Naxçıvan Ali Sovetinin sədri işləyərkən blokadada olan muxtar respublikanın yaşamasını təmin etmək üçün xarici dövlətlərlə əlaqələr qurmasından, Azərbaycanın müstəqilliyinin ilk illərində hökm sürən xaos, anarxiya şəraitində ölkəmizdə qardaş qırğınının qarşısının alınması üçün xalqımızın təkidli tələbi ilə xilaskar missiyası ilə Bakıya gəlməsindən, sabitliyin bərqərar edilməsi istiqamətində yorulmaz səylərindən bəhs edir.
   Filmdə ulu öndərin hakimiyyətə qayıtdıqdan sonra xalqımızın dəstəyinə arxalanaraq dövlət quruculuğu, ölkəmizin inkişafı, beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə bağlı fəaliyyəti öz əksini tapıb. Filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev ulu öndərə həsr olunmuş digər 10 filmində olduğu kimi, bu işində də tarixin yaddaşını ustalıqla bədiiləşdirməklə tamaşaçıya maraqlı ekran əsəri təqdim edib.
   Mərasimdə çıxış edən Vaqif Mustafayev təqdimat üçün yaradılmış şəraitə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkürünü bildirdi. O qeyd etdi ki, ulu öndərin həyat və fəaliyyəti ilə bağlı çəkdiyi filmlər onun təkcə yaradıcılığı deyil, həm də mövqeyidir. Rejissor bu ekran əsərlərində ümummilli liderə bəslədiyi münasibətini, məhəbbətini ekranlaşdırmağa çalışdığını dedi.
   Milli Məclisin deputatı Fəttah Heydərov ulu öndər Heydər Əliyevin xatirə günündə onun Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərdən bəhs edən belə bir filmin nümayişini yüksək qiymətləndirdi. Millət vəkili Eldar İbrahimov ümummilli lider Heydər Əliyev haqqında çəkilmiş bütün filmlərin hər zaman böyük maraq doğurduğunu bildirərək, Azərbaycanın real tarixinin əks olunduğu ekran əsərinin əhəmiyyətini qeyd etdi.
   
   Həmidə






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar