Dekabrın 18-19-da Əlcəzair Xalq Demokratik Respublikasının Əlcəzair şəhərində İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət Nazirlərinin VII Konfransı keçirilib.
Konfransda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Tədbirdə İƏT-in üzv ölkələri tərəfindən İslam dünyası üzrə mədəniyyət strategiyasının yerinə yetirilməsi, o cümlədən 2009-cu il oktyabrın 13-14-də Bakıda keçirilmiş İslam Ölkələri Mədəniyyət Nazirlərinin VI Sessiyasının qərar və tövsiyələri əsasında reallaşdırılmış mədəniyyət və davamlı inkişaf proqramlarına dair hazırlanmış milli hesabatlar dinlənilib .
Konfransın birinci gününün iclaslarına Azərbaycanın mədəniyyət və turizm naziri Ə.Qarayev sədrlik edib. Prosedura uyğun olaraq sədrlik növbəti iki il üçün Əlcəzair tərəfinə təqdim olunub. Ölkəmiz 2009-cu ildən İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Nazirlərinin Konfransına sədrlik edirdi. Azərbaycanın İslam dünyasındakı nüfuzu və fəaliyyəti nəzərə alınaraq ölkəmiz növbəti iki il üçün konfransın məruzəçisi seçilib.
Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə konfransın yekun sənədinə Xocalıya ədalət, Qarabağda dağıdılmış İslam irsi və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bəndlər daxil edilib. İclas çərçivəsində Ə.Qarayev Əlcəzair, Mərakeş, İran, İordaniya və bir sıra digər ölkələrin mədəniyyət nazirləri ilə ikitərəfli görüşlər keçirib.