Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov muğam və aşıq sənəti haqqında qanun layihələrinin də hazırlandığını deyib
Üzərində xeyli vaxtdan bəri iş gedən «Mədəniyyət haqqında» yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, daha öncə qanun layihəsinin parlamentin payız sessiyasında gündəmə gələcəyi bildirilmişdi. Payız sessiyası dekabrın 30-da başa çatır. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov gecikmənin bir sıra məqamlar, o cümlədən prosedur məsələləri ilə bağlı olduğunu dedi: “Milli Məclisin yaz sessiyasında qanun layihəsi Mədəniyyət komitəsində qəbul ediləcək. Sonra onu Milli Məclisin plenar müzakirəsinə təqdim edəcəyik. Yəqin ki, bu proses 1-2 ay davam edəcək. Əlbəttə, belə bir qanunun qəbuluna ehtiyac var”.
Hazırda mədəniyyətlə bağlı ötən əsrin 90-cı illərinin ortalarında qəbul olunan qanunun qüvvədə olduğunu deyən komitə sədri bu illər ərzində mədəniyyətin maddi təminatından başlamış idarə olunmasına qədər xeyli yeniliklər baş verdiyini və bunun yeni qanunda əksini tapacağını bildirib: “Prodüserlik institutu hazırda bütün dünyada mədəniyyətin idarə olunmasında böyük rol oynayır. Bu barədə indi qüvvədə olan qanunda heç nə yoxdur. Başqa məqamlar da var. Məsələn, yaradıcılıq birliklərinin hüquqi mövqeyi hələ tam bəlli deyil. Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı sadəcə qeyri-hökumət təşkilatıdırmı, QHT-lər haqqında qanunla idarə olunmalıdır, yoxsa yaradıcılıq təşkilatlarının öz spesifikası var? Axı Azərbaycan Yazıçılar Birliyi sadəcə bir QHT deyil. Yaradıcı insanların müdafiəsi ilə bağlı yeni qanuna maddələr əlavə olunmalıdır. Bu məsələlərin hamısı öz qanuni təsdiqini tapmalıdır”.
N.Cəfərovun sözlərinə görə, 2012-ci ildə «Mədəniyyət haqqında” qanunun qəbulu ilə yanaşı, “Muğam sənəti” haqqında qanunun da müzakirəsi gözlənilir. Artıq bu qanun layihəsi hazırlanaraq təqdim olunub. Bundan əlavə, “Aşıq sənəti haqqında” qanun layihəsi də hazırlanma mərhələsindədir.
Söhbət əsnasında adlar və soyadlarla bağlı məsələyə toxunan komitə sədri bu məsələnin artıq akademik təhlildən keçdiyini və müəyyən ilkin təhlillərin mövcudluğunu bildirdi: «Tezliklə soyad sonluqları ilə bağlı məsələ tam şəkildə öz qanuni həllini tapacaq. Adlar və soyadlarla bağlı geniş təhlillər aparılır. Hər bir münasibəti, tendensiyaları, maraqları nəzərə alaraq yaxın zamanlarda normal bir sənəd ortaya çıxacaq. Bəzən deyirlər ki, bu məsələni tez bitirmək lazımdır. Amma bu, kifayət qədər mürəkkəb prosesdir. Cəmiyyətin hətta kiçik bir hissəsi bununla razılaşmırsa, bu barədə düşünmək lazımdır. Sabah kimsə desə ki, mən “ov”, “yev” soyad sonluğunu saxlayıram, ona deyə bilmərik ki, saxlama. Çünki bu, şəxsiyyətlə bağlı məsələdir. Elə olmalıdır ki, bu təkcə qanun kimi yox, yaşam üsulu kimi hər bir azərbaycanlıya aid olsun. Qanun olarsa, bu, ancaq Azərbaycan Respublikasına aid olacaq. Amma dünyada nə qədər azərbaycanlı var. Elə metodlar tapmalıyıq ki, bu, bütünlükdə azərbaycanlı şüuru üçün qəbul olunsun. Bu məsələ ilə bağlı Nazirlər Kabinetinin xüsusi qərarı olduqdan sonra adlar və soyadlarla bağlı qanunu da qəbul edə bilərik”.
Gələcək qanunvericilik planlarından danışan komitə sədri Azərbaycanın Bakı, Gəncə, Naxçıvan, Şəki kimi tarixi şəhərləri haqqında qanunlar hazırlamağın mümkünlüyünü də dilə gətirdi: “Bu şəhərlərin iqtisadi, sosial tarixi ilə yanaşı, həm də mükəmməl etnoqrafik, mədəni strukturu var. Onların mühafizəsi üçün hüquqi baza olmalıdır. Türkiyənin Konya şəhəri Mövlanə Cəlaləddin Rumisiz təsəvvür olunmur. Bu şəhərin qazancının böyük bir hissəsini də Ruminin məqbərəsinin ziyarət olunmasından əldə edilən vəsait təşkil edir. Gəncəni biz tikib quracağıq, amma bu şəhərdə dünyanın səcdəyə gələ biləcəyi Nizami Gəncəvi kimi şəxsiyyətin məqbərəsi var. Biz Gəncənin nüfuzunu Nizami Gəncəvinin hesabına daha da yüksəldə bilərik”.
M.Sultanova