Ölkə başçısının həyat və fəaliyyətinə həsr olunmuş kitab təqdim olundu
Dekabrın 24-də Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr edilmiş “Vətənin İlhamı. Ömürdən reportaj” kitabının təqdimat mərasimi keçirildi.
Tanınmış şair və publisist, Əməkdar mədəniyyət işçisi, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənlinin müəllifi olduğu kitab “Çağdaş” nəşriyyatında yüksək poliqrafik tərtibatda çap olunub. Layihənin rəhbəri və “Ön söz”ün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət və turizm siyasətinin əsas yekunlarının əks olunduğu kitabda ölkə başçısının 50 illik ömür səhifələri də gözəl publisistik üslubda, səmimiyyətlə qələmə alınıb. Nəşrdə 2003-2011-ci illərdə həyata keçirilən mədəniyyət və turizm siyasətinin əsas istiqamətləri və əldə olunmuş nəticələrdən söz açılır. 7 fəsildən ibarət kitabda yer alan materiallar ölkə başçısının həyat və fəaliyyətinin bir çox yaddaqalan anlarını əks etdirən maraqlı foto nümunələri ilə müşayiət olunur.
Kitabın təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İlham Əliyevin böyük idealların daşıyıcısı kimi gördüyü irimiqyaslı işlərdən, xalqa, millətə olan böyük sayğı və ehtiramından söz açdı. İlham Əliyevin 2003-cü ildə prezident seçilərkən dediyi «Mən hər bir vətəndaşın prezidentiyəm» sözlərini xatırladan nazir dövlət başçısının ötən 8 illik fəaliyyəti dövründə bu ideyanı daim rəhbər tutduğunu vurğuladı. Azərbaycanın bu illərdə nail olduğu dinamik inkişafı, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsi kimi dəyərləndirdi. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf modelini, azərbaycançılıq ideyalarını davam etdirən dövlət başçısının fəaliyyəti nəticəsində respublikamız keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “50 yaş adi bir insan üçün də müəyyən bir mərhələ, həyatda əldə etdiyi nəticələri götür-qoy etmək, geriyə baxıb müəyyən təhlillər aparmaq dövrüdür. Biz cənab prezidentin 50 ildə keçdiyi yola, taleyüklü məsələlərin həllində göstərdiyi səylərə və əldə olunan nailiyyətlərə baxaraq bir sözü əminliklə deyə bilərik ki, o, xalqına sadiq, xalqına bağlı liderdir. Bu, şəxsiyyətin öz sözünə sadiqliyinin, həm də onun bütöv xarakterinin göstəricisi kimi də qəbul oluna bilər.
Bu gün hər birimiz bu ölkənin vətəndaşı olmaqdan qürur duyuruq. Təbii ki, bu qürurun da əsasında ölkəmizin keçdiyi yol, o cümlədən son 8 ildə əldə olunan nailiyyətlər dayanır. Bu illərdə görülmüş, görülən və görüləcək işlərin uğurlu təməli bizə daha möhtəşəm sabahların müjdəsini verir. Bütün bunlar ondan xəbər verir ki, son dövrdə bizim xalqımız, dövlətimiz, cəmiyyətimiz öz inkişafının yeni mərhələsinə qədəm qoyaraq artıq dünyanın nüfuzlu ölkələri sırasında qətiyyətlə öz adını yazdırmışdır».
Nazir vurğuladı ki, təqdim olunan kitab ölkə başçısının fəaliyyətinin, gördüyü genişmiqyaslı işlərin sadəcə qısa xülasəsini əks etdirir: «Biz dövlət başçısının gördüyü işlərə qısaca nəzər salmaqla onları yenidən insanların diqqətinə çatdırmaq istədik. Və bu layihənin yüksək səviyyədə gerçəkləşməsinə nail olduq. Ona görə də bu nəfis tərtibatlı kitabın ərsəyə gəlməsində əziyyəti olan bütün insanlara, kitabın müəllifi, gözəl şairimiz Vaqif Bəhmənli başda olmaqla hər kəsə dərin təşəkkürümü bildirirəm. Düşünürəm ki, cənab prezidentin həyat və fəaliyyətinin ən müxtəlif məqamlarını ustalıqla qələmə alındığı kitab hər kəsin xoşuna gələcək. Böyük sevgi ilə qələmə alınmış nəşr oxucuda ölkə rəhbəri, onun şəxsiyyəti, xarakteri barədə müfəssəl fikir formalaşdırmış olacaq. Biz kitabın təqdimatı ilə yanaşı cənab prezidentin son illər gördüyü işlərin müəyyən fraqmentlərini, böyük işlərin fotoobyektivdə əks olunan bir sıra məqamlarını toplayaraq fotosərgi də hazırladıq. «Prezidentin həyatının 50 anı» adı verdiyimiz bu sərgidə dövlət başçısının gördüyü işlərin müəyyən bir hissəsinin 50 anına, 50 foto nümunəsinə nəzər salacaqsınız. Əslində o anlar saysız-hesabsızdır və biz istəsək də, o anları tam əhatə edə bilmərik».
Kitabda əsas diqqətin mədəniyyət və turizm sahəsinə ayrıldığını xatırladan nazir bir neçə fəslin məhz bu fəaliyyətə, görülən işlərə həsr olunduğunu dedi: «Ölkə rəhbərinin fəaliyyətində böyük məna daşıyan söz mədəniyyətdir. Bu mədəniyyətin formalaşması, xalqın mənəvi zənginləşməsi, Azərbaycanın gerçəklikləri, zəngin və qədim köklərə malik mədəni sərvətlərimizin beynəlxalq miqyasda tanınması üçün görülən işlər hər kəsin gözləri önündədir. Cənab prezidentin, onun xanımı, Azərbaycan mədəniyyətinin təəssübkeşi olan hörmətli Mehriban xanım Əliyevanın Azərbaycanı beynəlxalq səviyyədə təbliğatı, mədəniyyətimizin ən yüksək tribunalardan təqdim olunması hər birimizi sevindirir, qürurlandırır. Kitabda bu məqamlara müəyyən prizmalardan baxılmaqla gələcəyə ünvanlanmış işlərin vətənə, millətə olan böyük sevgi və ehtiramdan qaynaqlandığı bir daha öz əksini tapıb. Əminəm ki, illər keçəcək və biz növbəti görüşləri, yubileyləri qeyd edərək yenə də onun böyük işlərindən, xalqı qarşısındakı xidmətlərindən danışacağıq. Fürsətdən istifadə edərək sizlərin də adından cənab prezidenti təbrik edir, ona uzun ömür, cansağlığı, yeni uğurlar, daha böyük zirvələri fəth etməsini arzulayıram».
Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq yazıçısı Çingiz Abdullayev, Rusiyanın İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan prezidentinin fəaliyyətinin bir sıra məqamlarından maraqla söz açdılar, nəfis tərtibatla nəşr edilən kitabı yüksək qiymətləndirdilər. Prezident İlham Əliyevin Azərbaycanın inkişafındakı xidmətlərinin müstəsna olduğunu vurğulayan natiqlər qeyd etdilər ki, bu kitabı oxuyan hər kəs 50 yaşı tamam olan dövlət başçısının olduqca maraqlı avtobioqrafiyasının əlamətdar səhifələrini çevirərək, uğurları təmin etmək elminin nədən ibarət olduğunu duyacaq. Kitabın oxucuları öz vətənini sevən bir insanın yorulmaz fəaliyyətinin, onun inkişafı yolundakı səylərinin bir daha şahidi olacaqlar.
Kitabın ön səhifələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İlham Əliyev haqqında dediyi dəyərli fikirlər yer alıb. Nəşrdə həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyat yoluna və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uğurlu layihələrinə də ayrıca yer ayrılıb.
Nəşrin müəllifi Vaqif Bəhmənli tədbir iştirakçılarına təşəkkürünü bildirərək qeyd etdi ki, bu kitab bitməyəcək, hər gün yenilənəcək, hər gün təzədən yazılacaq. Bu kitabın əsl müəllifi Prezident İlham Əliyevdir. Ona görə ki, Prezidentin səyi və təşəbbüsü ilə ölkəmizin hər yerində müxtəlif mədəniyyət obyektləri açılır, yeni-yeni uğurlu layihələr reallaşdırılır.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 50 illik yubileyi münasibətilə təbrik edərək, ona Vətənimizin və xalqımızın xoşbəxt gələcəyi naminə şərəfli fəaliyyətində uğurlar arzuladılar.
Sonda tədbir iştirakçıları “Prezidentin həyatının 50 anı” adlı sərgi ilə tanış oldular. Dövlət başçısının iştirakçısı olduğu müxtəlif mədəniyyət tədbirlərində çəkilən və simvolik olaraq 50 rəqəmi ilə məhdudlaşan fotosərgi maraqla qarşılandı.
Həmidə Nizamiqızı