Londonda müasir Azərbaycan incəsənəti sərgisi
   
   Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin sırasına daha biri əlavə olunub. Yanvarın 17-də Londonda Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərgi açılıb. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
   
   Londonun məşhur “Phillips de Pury & Company” sərgi qalereyasında təşkil edilən sərginin ideyası Leyla Əliyevaya məxsusdur. Sərginin kuratoru Erve Mikaelofdur. Simon de Püri və Erve Mikaelof dünya incəsənət aləmində məşhur şəxslərdir.
   “Phillips de Pury & Company” şirkətinin rəhbəri Simon de Püri deyib ki, ötən ilin yayında həyat yoldaşı ilk dəfə Bakıya səfəri zamanı Azərbaycan rəssamlarının əsərlərinin rəngarəngliyi və həyat ehtirası, orijinallığı onu heyran qoyub. Nəticədə bu sərgini keçirmək qərarına gəlib.
   London elitasının nümayəndələrinin qatıldığı sərgi Britaniya paytaxtında Azərbaycan incəsənətinə böyük marağı bir daha aydın şəkildə nümayiş etdirir. İngiltərənin paytaxtında keçirilən və çox sayda müasir rəssamların iştirak etdiyi “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərgiyə gələnlərin sayı bunu deməyə əsas verir.
   Sərginin açılışında çıxış edən “Phillips de Pury & Company” şirkətinin rəhbəri Simon de Püri belə möhtəşəm tədbirin məhz onun qalereyasında keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, sərginin təşkilində Heydər Əliyev Fondunun dəstəyinə görə minnətdarlığını bildirib, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan incəsənəti və mədəniyyətinin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.
   Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, burada sərgilənən dinamizm və yaradıcılıq bu gün Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir: “İndi Azərbaycan misli görünməmiş dirçəliş dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində də göstərir”.
   
   Gözlər önündə dəyişən şəhərin sənət mənzərələri
   
   Keçən il müstəqilliyimizin bərpasının 20-ci ildönümünün qeyd olunduğunu deyən Leyla xanım Əliyeva Azərbaycanın qədim tarixi olduğunu vurğulayıb. Qeyd etdi ki, 1918-ci ildə müsəlman Şərqində qadınlara səsvermə hüququ Azərbaycanda verilmiş, 1901-ci ildə ölkəmizdə müsəlman qızlar üçün ilk məktəb tikilmiş, Şərqin ilk operası və baleti məhz bizim ölkədə səhnələşdirilmişdir: “Beləliklə, biz bir çox ilklərə imza atmış ölkəyik və bu gün də bu fəlsəfəni davam etdiririk”.
   Heydər Əliyev Fondunun vitse-prezidenti ötən il “Eurovision”nun qalibi olan Azərbaycanın bu müsabiqəni qəbul etməyi səbirsizliklə gözlədiyini vurğulayıb: “Lakin müasir Bakı təkcə musiqi qələbəsini bayram etmir. Bakıda gəzərkən küçələr boyu siz ətrafınızda sürətli inkişafın şahidi ola bilərsiniz. Bu, gözünüzün önündə dəyişən şəhərdir. Bakının memarlığı özünü təkcə Qız Qalasında göstərən köhnə ilə yenini birləşdirmir, həmçinin Şərq ilə Qərbi, Zərdüşt məbədləri ilə müasir binaları və XX əsrin əvvəllərinin neft bumu dövrünə aid fransız arxitekturası əsasında tikilmiş evləri əks etdirir. İncəsənət mənim həvəslə yanaşdığım sahədir. Mən özüm də rəsm çəkməyi sevirəm və həmişə ürəklərini və ruhlarını yaratdıqları əsərə qoyan rəssamlara pərəstiş etmişəm. Burada görəcəyiniz əsərlərin bir çoxu həm gənc, eyni zamanda məşhur rəssamların işləridir, çoxu məhz bu sərgi üçün yaradılıb, buna görə də ilk dəfə sərgilənirlər. Odur ki, Azərbaycanın hər bir yanından 21 rəssamın yüzlərlə əsərinin burada sərgilənməsindən dərin qürur hissi keçirirəm”.
   Tədbir iştirakçılarına “Bakı” jurnalının ingilisdilli versiyasının növbəti sayı da təqdim olunub.
   
   Belə tədbirlər Azərbaycan incəsənətini dünyada tanıtmağa xidmət edir
   
   Daha sonra çıxış edən sərginin kuratoru Erve Mikaelof nümayiş olunan əsərlərin orijinallığına diqqət çəkib. Qeyd edib ki, Azərbaycan incəsənətinin dərin tarixi kökləri var və belə tədbirlər onu dünyada daha yaxşı tanıtmağa xidmət edir.
   Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar sərgi ilə tanış olublar.
   Qeyd edək ki, sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da bir neçə əsəri təqdim edilir. Onun çəkdiyi müxtəlif nağıl qəhrəmanlarının illüstrasiyaları maraqla qarşılanıb. Bu illüstrasiyalardan gələcəkdə rus və ingilis dillərində işıq üzü görəcək “Biri var idi, biri yox” nağıl kitabında istifadə ediləcək. “Nar”, “Nar ağacı”, “Həyat davam edir” və digər rəsm əsərləri də orijinallığı ilə tamaşaçıların marağına səbəb olub.
   Sərgidə gənc rəssamlarla yanaşı, Aida Mahmudovanın əsəri də özünəməxsusluğu ilə diqqəti cəlb edir. Bu əsər də ideyasının və təsvir üslubunun özəlliyi ilə seçilir.
   Sərgidə tanınmış rəssamlar Altay Sadıqzadənin, Ənvər Əsgərovun, Mirnadir Zeynalovun və başqalarının boyakarlıq, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video janrlarında bir-birindən maraqlı əsərləri də təqdim edilir. Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun bir məkanda təqdim olunduğu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları diqqəti çəkir.
   Sərgiyə qatılanlar sırasında əsərləri beynəlxalq nüfuzlu tədbirlərdə sərgilənən, o cümlədən müxtəlif illərdə Venesiya Biennalesində ölkəmizi təmsil edən rəssamların, eləcə də xarici ölkələrdə yaşayan fırça ustalarımızın da adları var.
   
   İncəsənətin imkanları sonsuzdur
   
   Sərgidə nümayiş olunan əsərlər bir daha sübut edir ki, incəsənətin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır. Son illərdə Azərbaycanda çox istedadlı gənclər yetişib. Avanqard çalarlarla zəngin olan bu sərginin ovqatı həm də onu nümayiş etdirir ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara böyük diqqət göstərilir. Ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm surətdə tədbirlər həyata keçirilir. Bu tədbirlərdə dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun da böyük xidmətləri var.
   Ölkəmizin təbliği baxımından bu cür mərasimlərin təşkil edilməsi çox əlamətdar hadisə olmaqla yanaşı, həm də gənc azərbaycanlı rəssamların dünyaya tanıdılmasında da müstəsna rol oynayır. Nümayiş olunan əsərlərə ilk gündən göstərilən böyük maraq deməyə əsas verir ki, yanvarın 29-dək davam edəcək sərgi London ictimaiyyəti arasında geniş əks-səda doğuracaq.
   Londondan sonra bu cür sərgilərin Berlin, Paris, Roma, Nyu-York, Moskva, Bakı və digər şəhərlərdə keçirilməsi də nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar