Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Argentina Respublikasının turizm naziri Karlos Enriki Meyeri qəbul edib. Dövlət başçısı Azərbaycanla Argentina arasında son illər ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirib.
   
   Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan dövlət başçısı Argentinanın turizm naziri Karlos Enriki Meyerin Azərbaycana səfərinin münasibətlərimizin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
   Argentinanın turizm naziri Karlos Enriki Meyer ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. Əməkdaşlığın inkişafında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayan qonaq bu baxımdan rəhbərlik etdiyi nazirlik tərəfindən Azərbaycanın turizm sektoru nümayəndələrinin Argentinaya təşkil olunacaq səfərinin əhəmiyyətini qeyd edib. Nazir Azərbaycanda hər il keçirilən ənənəvi turizm sərgisində ölkəsinin turizm şirkətlərinin də iştirak etmək arzusunda olduğunu bildirib.
   Görüşdə əlaqələrimizin möhkəmlənməsində 2013-cü ildə Argentinada keçiriləcək Azərbaycan mədəniyyəti günlərinin önəmi qeyd olunub.
   
   * * *
   Fevralın 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Argentinanın turizm naziri Karlos Enrike Meyerlə görüşdü.
   Argentinalı həmkarının ölkəmizə səfərini yüksək qiymətləndirən Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan Latın Amerikası ölkələri ilə əlaqələrin genişlənməsində maraqlıdır: “Azərbaycanın Argentina, Kuba və Meksikada səfirlikləri artıq fəaliyyət göstərir. Bu günlərdə Braziliyaya da yeni səfir təyin edilib. Bu səfirliklərin açılması Azərbaycanın Cənubi Amerika qitəsində həm siyasi, həm iqtisadi, həm də mədəni maraqlarının ifadəsidir. 2010-cu ildə Kubada və Meksikada Azərbaycan mədəniyyəti günləri keçirilib və Meksikanın bir qrup turizm şirkəti Bakıda keçirilən turizm sərgisində də iştirak edib. Hesab edirəm ki, Argentinada da Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi respublikamızın bu ölkədə tanıdılmasına təkan verəcək. 2013-cü il ərzində belə bir tədbirin təşkili məsələsi nəzərdən keçirilir. Eyni zamanda turizm şirkətləri arasında işgüzar əlaqələrin və xüsusi infoturların keçirilməsi nəzərdə tutulur”.
   Nazir argentinalı həmkarına Azərbaycanda turizmin hazırkı inkişaf səviyyəsi ilə bağlı geniş məlumat verərək bildirdi ki, 5 il əvvəl Azərbaycana gələn turistlərin sayı 1 milyondan aşağı idi. Ötən ilin nəticələrinə görə isə, ölkəmizə 2 milyon 234 min nəfər insan səfər edib. Hər il ölkə ərazisində 40-dək hotel inşa olunur. Dövlət hesabına ilk dəfə olaraq qış-yay turizm kompleksi, dağ-xizək bazası yaradılır: “Qış turizmi həvəskarı olan argentinalılar burada öz istirahətlərini istədikləri şəkildə keçirə bilərlər”.
   Sonra nazir Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, bu səbəbdən 9 milyon əhalisi olan bir ölkədə 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaşaması, lakin bütün bu problemlərə baxmayaraq, Azərbaycan dövləti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatının uğurla inkişaf etməsi barədə həmkarına ətraflı məlumat verdi.
   Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən ilin aprelində Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini diqqətə çatdıran nazir dövlət başçısının müvafiq fərmanı əsasında bundan sonra hər iki ildən bir paytaxtımızda bu mötəbər beynəlxalq tədbirin reallaşacağını qeyd etdi və Argentina nümayəndə heyətinin 2013-cü ildə Bakıda keçiriləcək növbəti Dünya Forumunun iştirakçıları arasında görmək istədiyini bildirdi.
   Argentinanın turizm naziri Karlos Enrike Meyer ölkəmizə səfərin onda və rəhbərlik etdiyi nümayəndə heyətində xoş təəssüratlar yaratdığını qeyd etdi. Qonaq Azərbaycanın istər iqtisadi, istərsə də mədəni sahədə Latın Amerikası ölkələri ilə əməkdaşlığının inkişafından məmnunluğunu bildirdi. Turizm sahəsində əlaqələrin hər iki ölkə üçün əhəmiyyətini nəzərə çatdırdı.
   Görüşdə turizm sahəsində ikitərəfli əməkdaşlıq, Azərbaycandan Argentinaya turistlərin cəlb edilməsi, turizm agentlikləri üzrə qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparıldı.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar