Fevralın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislıy ilə görüşdü.
Ölkəmizdə kitabxana-informasiya sektorunun inkişafı istiqamətində görülən işlərdən danışan nazir bu sahəyə dair dövlət proqramının qəbul olunduğunu nəzərə çatdırdı. Qeyd olundu ki, proqramın icrası ilə bağlı nazirliyin nəzdində olan kitabxanalar vahid internet sistemində birləşdirilib. Nazir informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə elektron kitabxanaların yaradılmasının vacibliyini vurğuladı. Ölkəmizdə mütəmadi olaraq kitab yarmarkalarının, uşaq kitab bayramlarının və digər tədbirlərin keçirildiyini diqqətə çatdıran Əbülfəs Qarayev kitabxana fondlarının xarici dillərdə, o cümlədən rus dilində nəşrlərlə zənginləşdirilməsinə önəm verildiyini bildirdi. Nazir ölkəmizin bu sahədə Rusiya ilə əməkdaşlığının daha da genişlənəcəyinə ümid etdiyini dedi.
Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislıy Bakıya ilk dəfə səfər etdiyini, paytaxtımızın gözəl və tarixi şəhər olduğunu dedi. Azərbaycanla Rusiyanın mədəniyyətin bir çox sahələrində olduğu kimi, kitabxana işi sahəsində də uğurla əməkdaşlıq etdiyini vurğuladı. Qonaq son illər Rusiya kitabxanalarında oxucuların sayının artdığını nəzərə çatdırdı. Virtual oxu zallarının yaradılması, yeni kitabların nəşri sahəsində uğurlardan danışdı.
Rusiyada çoxsaylı Azərbaycan diasporunun olduğunu bildirən A.Vislıy bu baxımdan kitabxanalarda Azərbaycan dilində də müxtəlif kitabların olmasının vacibliyini vurğuladı. O, Rusiya Dövlət Kitabxanasının strukturu və fəaliyyəti barədə məlumat verərək bildirdi ki, kitabxananın fondlarında Azərbaycana aid xeyli kitab saxlanılır.
Reyhan