Respublikanın aparıcı nəşriyyatlarından olan “Təhsil” Nəşriyyat-Poliqrafiya Birliyi Beynəlxalq “Ticarət Liderləri Klubu” tərəfindən keçirilmiş müsabiqədə “Keyfiyyətə görə” qızıl medal, xüsusi priz və döş nişanına layiq görülüb. Bu münasibətlə martın 1-də “Təhsil” Nəşriyyat-Poliqrafiya Birliyində tədbir keçirildi.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasov, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, şöbənin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu, Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, professor Cahangir Məmmədli və digər qonaqlar iştirak edirdilər.
Əvvəlcə iştirakçılara Təhsil” Nəşriyyat-Poliqrafiya Birliyinə İspaniyanın paytaxtı Madrid şəhərində, Beynəlxalq Ticarət Təşkilatının baş ofisində mükafatın təqdimat mərasimindən çəkilmiş videomaterial nümayiş etdirildi. Sonra “Təhsil” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru Bəhruz Axundov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, poliqrafiya bazası və yeni qazanılmış uğurla bağlı məlumat verdi. Qeyd olundu ki, müəssisənin hazırladığı kitablar dəfələrlə beynəlxalq müsabiqələrdə fərqlənərək yüksək yerlərə layiq görülüb.
Beynəlxalq “Ticarət Liderləri Klubu” haqqında məlumat verən B.Axundov qeyd etdi ki, qurumun 90 ölkədən 7700 üzvü var. Təşkilatın müxtəlif ölkələrdə ofisləri fəaliyyət göstərir. Qurumun fəaliyyətində əsas məqsəd iqtisadiyyatın və biznesin daha çox və dinamik inkişafına nail olan ayrı-ayrı ölkələr arasında tanışlığın və qarşılıqlı əlaqələrin yaranmasına və daha da artırılmasına, eləcə də müştərək biznes və yaradıcılıq fəaliyyətinin yaranmasına kömək göstərməkdir. Müsabiqənin mahiyyətindən də bəhs edən nəşriyyat rəhbəri onun 35 ölkə üzrə keçirildiyini və qalibi 7 min üzvün səsverməsi yolu ilə müəyyən edildiyini dedi.
Bəhruz Axundov “Təhsil” Nəşriyyat-Poliqrafiya Birliyinin bu yüksək beynəlxalq mükafata layiq görülən ilk Azərbaycan nəşriyyatı olduğunu xüsusi vurğuladı və əldə edilən bu uğurları bütövlükdə respublikanın nailiyyəti kimi qiymətləndirdi: “Belə bir mükafata layiq görülməyimiz Azərbaycanda nəşriyyat işinin necə dinamik inkişaf etdiyindən xəbər verir”.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli də “Təhsil” Nəşriyyat-Poliqrafiya Birliyinin fəaliyyətini yüksək qiymətləndirdi: «Bu nəşriyyat artıq beynəlxalq aləmdə öz sözünü deyib. Mədəniyyət və Turizm Nazirliyinin də müsabiqə yolu ilə bir sıra kitabları «Təhsil» nəşriyyatında çox yüksək səviyyədə çap olunub. İnanıram ki, qurumun uğurlarının sayı daha da artacaq. Nəşriyyat üçün ən böyük uğur oxucu məhəbbətidir. İnanıram ki, tezliklə bu nəşriyyat hər bir Azərbaycan ailəsində öz məhəbbətini qazanacaq».
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasov, professor Cahangir Məmmədli, şair Çingiz Əlioğlu, Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı və başqaları bu uğuru yüksək qiymətləndirərək müəssisə rəhbərliyinə işlərində yeni uğurlar arzuladılar.
Mehparə