Martın 2-də “Nizami” Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yeni saytının təqdimatı keçirildi. Təqdimatda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, ölkənin tanınmış kino xadimləri iştirak edirdilər.
   
   Mərasimdə ilk olaraq www.azerbaijanfilm.az saytı haqqında məlumat verildi. Saytda üç dildə (Azərbaycan, rus və ingilis) Azərbaycan kinosunun tarixinə aid materiallar toplanıb. Burada son illər çəkilən Azərbaycan filmləri haqqında məlumat, istehsalatda olan filmlər, onların yaradıcı qrupları, filmlərin texniki göstəriciləri ilə tanış olmaq olar. Saytda həmçinin milli kino yenilikləri, dünya kinosunda baş verən ən son məlumatlar yer alır. Veb ünvanda “Azərbaycanfilm” kinostudiyasının fəaliyyəti, ayrı-ayrı sexlər (montaj, əlbəsə, pirotexnika, səsyazma, işıq) və pavilyonlar haqqında məlumat almaq mümkündür.
   Tədbirdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov son illər ölkəmizdə kino sənayesində görülən işlərdən, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı həyata keçirilən tədbirlərdən danışdı. Kinoda gənclərə geniş yer verildiyini nəzərə çatdıran direktor bu sahədə yeni peşəkar kadrlara ehtiyac olduğunu qeyd etdi. Kino sahəsinin inkişafı üçün hər bir kino xadiminin yeni layihələrlə müraciət etməsinin vacibliyini vurğuladı.
   Azərbaycanda kino sahəsinin inkişafından söz açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yeni çəkilmiş ekran əsərlərinin müxtəlif beynəlxalq tədbirlərdə, müsabiqələrdə iştirak etdiyini, mükafatlar qazandığını vurğuladı. Qeyd olundu ki, Azərbaycan kino tarixində ilk dəfə olaraq ölkəmiz ötən il beynəlxalq Kann festivalında təmsil olunmuş, orada pavilyonumuz qurulmuş, kino xadimlərimiz müxtəlif tədbirlərə qatılmışlar. Nazir müavini bu il Kann kinofestivalında ölkəmizin daha geniş proqramla təmsil olunacağını bildirdi. Ə. Vəliyev müasir standartlara cavab verən Dövlət Film Fondunun texniki-təchizatı haqqında danışdı. Ötən ilin sonunda “Nizami” Kino Mərkəzinin açılmasının bu sahədə növbəti uğurlu addım olduğunu vurğuladı. Nazir müavini qarşıdakı illərdə həm Bakıda, həm də regionlarda müasir kinoteatrların istifadəyə veriləcəyini dedi: “Kino sahəsində ən ciddi məsələlərdən biri də kinonun təbliği, regionlarda yayım məsələsidir. Həm dünya filmlərinin, həmçinin son illər istehsal olunan yerli filmlərin nümayişi olduqca vacib məsələdir”.
   
   Reyhan İsayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar