Martın 9-da Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi «Zirvə» mükafatı 2011-ci il üzrə layiq görülən sənət adamlarına təqdim edildi.
«Zirvə» mükafatı mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, kino, musiqi, təsviri sənət sahələrində xüsusi nailiyyətlər qazanan, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək və yaradıcılıq fəaliyyətləri üçün zəmin yaratmaq, qiymətləndirmək məqsədilə 2007-ci ildə təsis edilib, 2008-ci ildə ilk təqdimatı keçirilib. Bu il artıq beşinci dəfə keçirilən mərasimdə mükafat yeddi nominasiya üzrə qaliblərə - 2011-ci ildə mədəniyyət və incəsənət, musiqi, teatr, kino, heykəltəraşlıq sahələrində fərqlənən, ilin ən yaddaqalan yaradıcılıq debütünü edən sənət adamlarına təqdim edildi.
Təntənəli mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2011-ci ildə Azərbaycan mədəniyyəti və incəsənətinin qazandığı uğurlara nəzər saldı: “Xalqımızın gözəl və qədim bahar bayramı ərəfəsində təqdim olunan bu mükafat mədəniyyət və incəsənət sahəsində xidmət edən insanların keçdikləri yola, gördükləri işlərə nəzər salmaları üçün də əhəmiyyətlidir. Ötən ilə nəzər salsaq görərik ki, çox gərgin, maraqlı, məntiqli, dəyərli, Azərbaycan mədəniyyəti üçün çox vacib olan bir il yaşamışıq. Görülən işlərin də arxasında, sözsüz ki, böyük kollektivin gərgin əməyi durur. Mədəniyyət sahəsinin təxminən 70 minlik insan ordusu Azərbaycan xalqının mədəniyyətini, incəsənətini daha yüksək zirvələrə qaldırmaq əzmi ilə çalışmaqdadır. Yola saldığımız ildə müxtəlif ölkələrdə Azərbaycanın mədəniyyət günləri keçirilib, filmlərimiz bir sıra nüfuzlu beynəlxalq kinofestivallarda iştirak edərək mükafatlar qazanıb, teatrlarımızda 100-dək tamaşa səhnəyə qoyulub, musiqi sahəsində əldə etdiyimiz nailiyyətləri bütün dünya görüb. İl ərzində ölkəmizdə mötəbər festivallar, uğurlu mədəniyyət layihələri gerçəkləşdi, Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına özünün tarixi töhfələrini verdi. Bütün bu işlərin təşkilində, həyata keçirilməsində bizə dəstək verən, mədəniyyətimizin hamisi missiyasını uğurla daşıyan Heydər Əliyev Fondunun əməyi danılmazdır. Fond tərəfindən irəli sürülən təşəbbüslər, göstərilən diqqət və qayğı Azərbaycan mədəniyyətinin daha yüksəklərə qalxmasına, dünyada daha geniş tanınmasına xidmət edir”.
Bu gün Azərbaycan mədəniyyətinin cəmiyyətin ayrılmaz hissəsi kimi yeni mərhələyə qədəm qoyduğunu bildirən Əbülfəs Qarayev hazırkı sürətli inkişaf yolunun qarşıdakı illərdə də davam etməsi üçün mədəni ictimaiyyətin səylərinin vacib olduğunu diqqətə çatdırdı. Azərbaycan dövlətinin mədəniyyət siyasətinin ölkəmizin dünya mədəniyyətinə inteqrasiyasını şərtləndirdiyini deyən nazir bu sahədə görülən məqsədyönlü işlərin öz bəhrəsini verdiyini qeyd etdi.
Çıxışının sonunda “Zirvə” mükafatının qaliblərini təbrik edən nazir hər bir nominasiyada təltif olunan şəxslərin mədəniyyətimizin inkişafına xüsusi töhfələr verdiklərini və onların yaradıcı əməyinin, ümumilikdə incəsənətimizin tərəqqisinə yönələn hər bir addımın daim yüksək qiymətləndiriləcəyini vurğuladı.
Sonra mükafatın yeddi nominasiya üzrə qaliblərinin adları açıqlandı. Mükafatın “Milli sərvət” nominasiyasında budəfəki qalibi görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova oldu. Sənətkar Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətlərinə görə bu mükafata layiq görülüb.
Məşhur aktyor, milyonlarla tamaşaçının sevimlisi, Xalq artisti Nodar Şaşıqoğlu da teatr və kino sahəsində uzun illər ərzində səmərəli fəaliyyətinə görə “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” nominasiyasında mükafata layiq görüldü. Mükafatı təqdim edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev sənətkara cansağlığı arzuladı. Aktyorun Azərbaycan teatr və kino sənəti tarixində ölməz obrazlar qalereyası yaratdığını deyərək, onun yaradıcılığını sənət və sənətkarlıq məktəbi adlandırdı.
Teatr sahəsi üzrə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı N.Qoqolun “Evlənmə” əsərinin tamaşasına görə mükafata layiq görüldü. Ödülü mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevdən alan teatrın direktoru Əliqismət Lalayev bu təltifi kollektivin əməyinə göstərilən böyük diqqət və etimad kimi dəyərləndirdi. Öz növbəsində nazir müavini tamaşanın ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzuladı.
Sonra təsviri sənət üzrə qaliblərin adları açıqlandı. Xalq rəssamı Səlhab Məmmədov, əməkdar incəsənət xadimləri İbrahim Əhrari və Akif Əsgərov, Əməkdar rəssam Əli İbadullayev Berlindəki Qotfrid Bena kitabxanasının bağında Xocalı faciəsinə həsr olunmuş “Sülh, dostluq və demokratiya müharibə və zorakılığa qarşı” adlı heykəltəraşlıq kompozisiyasının ucaldılmasına görə təsviri sənət sahəsi üzrə “Zirvə” mükafatına layiq görüldülər. Mükafatı təqdim edən Xalq rəssamı, Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov bu sənət əsərinin ərsəyə gəlməsinə və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə sənət dili ilə çatdırılmasına görə müəlliflərə təşəkkürünü bildirdi.
Görkəmli bəstəkar, Xalq artisti, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə və yaradıcılıq fəaliyyətinə görə mükafata layiq görüldü. Mükafatı təqdim edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva sənətkara yeni yaradıcılıq nailiyyətləri arzuladı.
Xalq artisti, kinorejissor Eldar Quliyevə Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə layiq görüldüyü «Zirvə» mükafatını mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim etdi. Nazir görkəmli rejissorun Azərbaycan mədəniyyətinin mənzərəsini təşkil edən şəxsiyyətlərdən olduğunu dedi. Onun yaratdığı filmlərin hər zaman böyük maraq və sevgi ilə izləndiyini vurğuladı. Öz növbəsində E.Quliyev yaradıcılığına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
“Buta” kamera xoru isə 2011-ci ildə uğurlu debütünə görə “Debüt” nominasiyasında mükafata layiq görüldü. Qısa zamanda bir sıra sənət uğurlarına imza atan kollektivin məqsədi Azərbaycan xalq və dünya musiqi nümunələrini təbliğ etməkdir. «Buta» xorunun bədii rəhbəri, Əməkdar artist Elnarə Kərimovaya mükafatı Xalq artisti, Milli Konservatoriyanın rektoru, tanınmış bəstəkar Siyavuş Kərimi təqdim etdi. O, xor sənətinin inkişafı məqsədilə yaranan ansamblın əməyini yüksək qiymətləndirdi, kollektivə sənət uğurları arzuladı.
Mükafatların təqdimatı incəsənət ustalarının - xalq artistləri Nəzakət Teymurova, Murad Hüseynov, Murad Adıgözəlzadə, Əməkdar artist Salman Qəmbərovun rəngarəng ifaları, rəqs və musiqi nümunələri ilə müşayiət olundu.
Həmidə Nizamiqızı