Mədəniyyətimizin böyük hamisi – İllərin xronikasından (72)

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1997-ci il 17 avqust

 

Prezident Heydər Əliyev Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, dünya şöhrətli müğənni, bəstəkar Müslüm Maqomayevi 55 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubundan: “Sizin ifanızda hər bir mahnı həyatın, məhəbbətin və xeyirin tərənnümünə çevrilir, zaman və məkan hüdudlarından kənara çıxır... Azərbaycanın musiqi mədəniyyətinin inkişafına çox böyük töhfə vermiş yaradıcılığınız, şübhəsiz, millətin qızıl fonduna daxil olmuşdur və hələ uzun illər ülvi sənətə xidmət etməyin parlaq timsalı olacaqdır...”.

 

1997-ci il 18 avqust

 

Xalq şairi Mirvarid Dilbazini anadan olmasının 85 illiyi münasibətilə təbrik edib. “Siz Azərbaycanın qadın şairlərinin poeziya ənənələrini davam etdirərək şeirimizin uca zirvələrini fəth etmisiniz... Poetik tərcümələriniz sayəsində Azərbaycan oxucuları dünya poeziyasının bir çox gözəl nümunəsi ilə tanış olmaq imkanı əldə etmişdir”, – deyə təbrik məktubunda qeyd olunurdu.

 

1997-ci il 27 avqust

 

Polşaya rəsmi səfəri zamanı Varşavada dahi polyak bəstəkarı Frederik Şopenin muzeyini ziyarət edib. Muzeydə Şopenin əsərlərinin ifaçısı, beynəlxalq müsabiqələr laureatı 23 yaşlı pianoçu Rafael Luşçevskinin ifasını dinləyib, onu Azərbaycana konsert verməyə dəvət edib.

 

1997-ci il 20 sentyabr

 

Bakıda keçirilən Pediatriya Cəmiyyətlərinin IV Beynəlxalq Konqresinin nümayəndələri, Türkdilli Ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyinin fəxri prezidenti İhsan Doğramacı və digər xarici qonaqlarla birlikldə Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin tamaşasına baxıb. Tamaşadan sonra teatrın yaradıcı kollektivi ilə görüşüb.

“...Şübhəsiz ki, biz bu gün ilk növbədə əsərin müəllifinin, böyük yazıçımız, dramaturqumuz İlyas Əfəndiyevin xatirəsini yad etməliyik. İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz əsərlərində Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır...

Onun son əsəri – bu gün sizin təqdim etdiyiniz əsər həyatımız üçün çox əhəmiyyətlidir. Bilirsiniz, indi hər bir adamın tarix kitablarını oxumağa nə imkanı var, nə vaxtı. Biri oxuyur, o birisi oxuya bilmir. Bu baxımdan teatr, kino çox təsirli bir vasitədir. Mən əsəri bu baxımdan çox yüksək qiymətləndirirəm – həm əsəri, həm də sizin əsərə verdiyiniz bu quruluşu. Bütün aktyor ansamblı həddindən artıq gözəl ifa etdi.

Ancaq bu əsərin ikinci tərəfi də var. Əsərin bir mənası da bundan ibarətdir ki, xalqımızı keçmiş tarixi dövrlərdə də bədbəxt edən içindəki çəkişmələr olub... Bu çəkişmələr dünən də vardı, bu gün də var. 1988-ci ildən xalqımızın başına gələnlər, ermənilərin Azərbaycana təcavüz etməsi, Dağlıq Qarabağ məsələsini qaldırması nəyin nəticəsində oldu? Azərbaycanın içində gedən çəkişmələrin nəticəsində oldu. Əgər o vaxt Azərbaycan xalqı birləşsəydi, hamı bir olsaydı, ermənilərin qarşısını almaq mümkün olmazdımı? Onda torpaqlarımız işğal oluna bilərdimi?

Ona görə də xalqımızı bundan sonra da bu təhlükədən qorumaq, həmrəy etmək üçün, Azərbaycanın bu ağır dövründə hamının müstəqilliyimizi qoruyub saxlaması üçün bu əsərin çox böyük əhəmiyyəti var... Mən salonda oturarkən fikirləşdim ki, bu mövzuda tarixi bir kinofilm yaratmaq lazımdır. Eyni zamanda bir videofilm çəkmək olar ki, bunu vaxtaşırı televiziyada versinlər...”.

 

1997-ci il 21 sentyabr

 

Akademik Opera və Balet Teatrında Pediatriya Cəmiyyətlərinin IV Beynəlxalq Konqresinin nümayəndələri ilə birlikdə Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının yeni quruluşda tamaşasına baxdıqdan sonra yaradıcı kollektivlə görüşüb.

“Üzeyir Hacıbəyovun bütün əsərləri ölməzdir. “Arşın mal alan” da ölməz sənət əsəridir. Bu əsər daim teatr səhnələrində göstərilibdir. Ancaq məlumdur ki, bu əsərin dünyada məşhur olması 1946-cı ildən – Azərbaycanın böyük sənət ustası, rejissoru Rza Təhmasibin quruluşu əsasında yaradılmış filmlə başlandı.

Bu operettanı səhnəyə qoymuş və filmə çevirmiş incəsənət xadimlərini böyük minnətdarlıqla yad etməliyik. Siz yeni yaradıcı nəsilsiniz və onların davamçılarısınız. Bu əsəri XX əsrin sonunda yenidən səhnəyə qoymusunuz. Hesab edirəm ki, bu, çox gözəl alınıbdır... Əsgər rolunu mərhum Rəşid Behdudovun yolu ilə gedən gənc müğənnimiz Azər Zeynalov gözəl ifa edir. Gülçöhrə rolunu ifa edən  teatrın solisti Zemfira İsmayılovanı birinci dəfədir ki, görürəm. Soltan bəy rolunun ifaçısı olan Yaşar Nuriyevi hamımız tanıyırıq. Asya, Vəli, Süleyman obrazlarını gənc aktyorlar çox gözəl ifa etdilər... Siz hələ gəncsiniz. Qarşınızda böyük yaradıcılıq yolu vardır. İstərdim ki, sizdən əvvəlki sənətkarlar kimi öz üzərinizdə çalışasınız. Mən onları çox yaxından tanıyırdım, onlarla dost idim. Görürdüm ki, onlar öz üzərlərində necə çalışırlar, necə yeni nailiyyətlər əldə edirlər. Mən bunu sizə də tövsiyə edirəm...”.

 

1997-ci il 4 oktyabr

 

Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Zıkinanın Respublika Sarayında keçirilən konsertindən sonra səhnə arxasında onunla görüşüb. “... 25 il bundan öncə biz başqa respublikanın artistinə Azərbaycanın “Xalq artisti” adı verilməsi haqqında ilk dəfə qərar qəbul etdik. Bu qərar bizi daha sıx bağlayıb doğmalaşdırdı... Sizin Azərbaycana gəlişiniz, gözəl çıxışınız respublikamıza, xalqımıza çox dərin hörmətin ifadəsidir...”.

Hazırladı: V.Orxan

(davamı var)




: 1561