Gəncə şəhərində və böyük maarifçinin vətəni Zərdabda tədbirlər keçirilib
   
   İyulun 14-də Gəncədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mətbuat Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzədək” mövzusunda elmi-praktik konfrans keçirilib.
   
   Ölkə başçısının “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli sərəncamına uyğun olaraq təşkil edilmiş konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət ediblər.
   Sonra Gəncə şəhərində inşa olunacaq mətbuat evinin təməlqoyma mərasimi keçirilib. Dörd mərtəbədən ibarət olacaq mətbuat evində konfrans zalları, inzibati otaqlar, qonaq evi və s. fəaliyyət göstərəcək.
   Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi binada (hazırda burada Azərbaycan Dövlət Aqrar Universiteti yerləşir) işə başlayan konfransı Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq, Həsən bəy Zərdabinin “Əkinçi” qəzetindən başlanan milli mətbuatımızın keçdiyi yoldan bəhs edib.
   Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dövlət müstəqilliyimizin bərpasından ötən müddət ərzində qazanılan uğurlardan söz açıb.
   Konfransda Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov milli mətbuatımızın tarixi və müasir mərhələdə inkişafı barədə geniş məruzə ilə çıxış edib. Gəncənin Azərbaycanın milli dövlətçilik tarixindəki əvəzsiz yerindən söz açan Əli Həsənov deyib ki, Həsən bəy Zərdabinin 170 illik yubiley tədbirlərindən birincisinin məhz burada keçirilməsi təsadüfi deyil. Qeyd olunub ki, milli mətbuatımızın banisi, görkəmli ictimai xadim və böyük təbiətşünas alim Həsən bəy Zərdabinin yubileyinə həsr olunmuş tədbirlər Gəncədən sonra digər bölgələrdə də keçiriləcək. “Həsən bəy Zərdabi öz dövrünün böyük azərbaycanlısı idi. O, millətinin inkişafı, maariflənməsi naminə bütün ömrünü şam kimi əritmişdir”, - deyə şöbə müdiri vurğulayıb.
   Azərbaycanda milli mətbuatın yubileyi ilə bağlı tədbirlərin keçirilməsinin xoş bir ənənəyə çevrildiyini qeyd edən natiq bu ənənənin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu nəzərə çatdırıb. Şöbə müdiri ümummilli liderin mətbuata dövlət qayğısı siyasətinin bu gün də ölkə rəhbərliyi tərəfindən davam etdirildiyini vurğulayıb.
   Tədbirdə çıxış edən qəzet redaktorları, jurnalistlər Həsən bəy Zərdabinin milli mətbuatımızın yaranması və yeni dəyərlərlə zənginləşdirilməsi istiqamətində gördüyü əvəzsiz işlərdən danışıblar.
   
   * * *
   Həmin gün Zərdabda Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Həsən bəy Zərdabinin şəhərdəki abidələrini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
   Görkəmli ictimai xadim, publisist, pedaqoq və təbiətşünas alimin abidəsi önündə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev Həsən bəy Zərdabinin xalqımızın tərəqqisi naminə gördüyü əvəzsiz işlərdən söhbət açıb, ölkədə kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısından danışıb.
   Həsən bəy Zərdabi nəslinin nümayəndələri adından çıxış edən akademik Böyükkişi Ağayev böyük maarifpərvərin və onun övladlarının ömür yolu barədə ətraflı məlumat verib. Sonra tədbir iştirakçıları Həsən bəy Zərdabinin ev-muzeyinə gedərək oradakı eksponatlarla tanış olublar.