Xəbər verdiyimiz kimi, İordaniya Haşimilər Krallığının Cəraş şəhərində ənənəvi XXVII Cəraş Mədəniyyət və incəsənət festivalı keçirilib. Bu mötəbər sənət bayramında ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, həmçinin Gəncə Dövlət Filarmoniyasının Fikrət Əmirov adına "Göygöl" mahnı və rəqs ansamblının 9 nəfərdən ibarət heyəti təmsil edib.
    "Göygöl" ansamblı ABŞ, Misir, İraq, Suriya və digər ölkələrdən peşəkar mahnı və rəqs kollektivlərinin də qatıldıqları festival çərçivəsində İordaniyanın Cəraş və Mədəbə şəhərlərində çıxış edib.
   Festivalın daha da rəngarəng keçməsi məqsədilə qədim abidələrlə zəngin olan Cəraş şəhərində geniş səhnə və müasir səs avadanlıqları quraşdırılıb, İordaniyanın xalq tətbiqi sənəti ustalarının əl işlərindən ibarət sərgi-satış yarmarkası təşkil edilib. Azərbaycan kollektivinin xalq mahnılarımızdan ibarət 40 dəqiqəlik repertuarla çıxışı festival iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
   Cəraş şəhərindəki uğurlu çıxışdan sonra təşkilatçılar tərəfindən 2012-ci il üçün İordaniya Haşimilər Krallığının "Mədəniyyət şəhəri" seçilmiş Mədəbədə keçirilmiş konsertdə yalnız Azərbaycan musiqi kollektivinin çıxış edəcəyinə dair qərar qəbul olunub. "Göygöl" mahnı və rəqs ansamblı burada xalq və bəstəkar mahnılarından ibarət bir saatlıq repertuarla çıxış edib.
   Təşkilat Komitəsinin rəhbərliyi tərəfindən Azərbaycan kollektivinə festivalda yüksək ustalıqla çıxış etdiyinə görə diplom və xatirə hədiyyələri təqdim olunub.