Bakıdakı Rusiya İnformasiya Mədəniyyət Mərkəzində Böyük Vətən müharibəsi veteranlarının respublikanın gənclər təşkilatlarının nümayəndələri ilə görüşü keçirilib. Stalinqrad və Qafqaz uğrunda döyüşlərin 70 illiyinə həsr olunmuş tədbir iştirakçıları əvvəlcə kitab sərgisi və “Böyük Vətən müharibəsinin böyük döyüşləri” mövzusunda fotoxronika ekspozisiyası ilə tanış olublar.
   Böyük Vətən müharibəsi veteranı, general Bahadur Hüseynov, veteranlar Rasim Muxtarov, Aleksandr Qritçenko, Mariya Rzayeva Stalinqrad və Qafqaz uğrunda qanlı döyüşlərdə qazanılmış qələbənin əhəmiyyətindən söhbət açaraq, sovet əsgərlərinin qəhrəmanlığını diqqətə çatdırıblar.
   Gənclərin nümayəndələri - Azərbaycan Tələbə Gənclər İttifaqının mətbuat katibi Məcid Musayev və “İrəli” Birliyinin fəalı Fərhad İbrahimov çıxışlarında bildiriblər ki, gənc nəsil ataların qəhrəmanlığını unutmur və onlarla fəxr edir.
   Gecə ədəbi-musiqili proqramla davam edib. Proqramda tanınmış bard Samir Rəcəbov, Bakı Slavyan Universitetinin “Sfera” dram studiyasının gənc aktyorları, “Sodrujestvo” ədəbi birliyinin nümayəndələri çıxış ediblər.
   Görüş “Stalinqrad döyüşü” sənədli filminin nümayişi ilə başa çatıb.