Ağdaşda və Mingəçevirdə Məmməd Arazın yubileyi qeyd edilib

Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə ədibin həyat və yaradıcılığından söhbət açılıb.
Bildirilib ki, Məmməd Araz müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə əbədi yaşamaq haqqı qazanan şair-publisist, filosof və sözün həqiqi mənasında layiqli vətəndaş olub. Harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq bütün ömrü boyu bir vəzifəni, yəni poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirmək vəzifəsini icra edib.
Tədbirdə məktəblilər şairin “Ayağa dur, Azərbaycan!”, “Vətən mənə oğul desə...”, “Azərbaycan - dünyam mənim” və digər şeirlərini söyləyiblər.
* * *
Mingəçevir şəhər Mərkəzi kitabxanasında da Xalq şairi Məmməd Arazın 80 illik yubileyi qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə Məmməd Arazın yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.
Sonra şairin həyat və yaradıcılığı haqqında məlumat verilib. Qeyd edilib ki, Vətəninə və xalqına, doğma torpağına bağlılıq Məmməd Araz yaradıcılığının əsasını təşkil edir. Parlaq istedadı və təkrarolunmaz yaradıcılığı ilə böyük şöhrət qazanan şair Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif olunub, “Məmməd Araz” ədəbi mükafatı təsis edilib. Sonda məktəblilərin ifasında şairin şeirləri səsləndirilib.