Dekabrın 28-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və Səbail rayonu 190 saylı orta məktəbin təşkilatçılığı ilə yazıçı-dramaturq Əli Əmirlinin 65 illik yubileyinə həsr olunmuş “Səhnəyə yönələn pyeslər” adlı tədbir keçirildi.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, Əməkdar artist Vidadi Həsənov, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova və digər çıxış edənlər yazıçı-dramaturqun yaradıcılığından danışdılar, əsərlərinin müasir teatr sənətinə töhfələr verdiyini vurğuladılar. Qeyd olundu ki, Əli Əmirli tarixi və müasir mövzularda qələmə aldığı pyesləri ilə teatrsevərlərin rəğbətini qazanıb. Onun ən son səhnələşdirilən “Şah Qacar”, “Hasarın o üzü” və s. əsərləri buna bariz nümunədir.
Sonra 190 saylı orta məktəbin şagirdlərinin ifasında yazıçı-dramaturqun “Varlı qadın”, “Bala, başa bəla”, “Şah Qacar” əsərlərindən parçalar nümayiş olundu. Şagirdlərin çıxışı maraqla qarşılandı.
Sonda çıxış edən Əli Əmirli yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

Fariz Hüseynov