Martın sonu - aprelin əvvəlində Türkiyənin Yalova şəhərində Türk Dünyası Şairlər Muzeyinin açılışı gözlənilir. Muzeydə türk dünyasının 40 görkəmli şairi haqqında məlumatlar yer alacaq, onların əsərləri nümayiş olunacaq. Şeir mərkəzi olaraq fəaliyyət göstərəcək muzeyin qarşısında qədim türk yazılı abidələrinin möhtəşəm yadigarı olan Orxon abidəsi ucaldılacaq. Abidə Orxon yazılı daşlarının əslinə uyğun inşa ediləcək.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslanın verdiyi məlumata görə, muzeydə görkəmli Azərbaycan şairləri Hüseyn Cavid, Əhməd Cavad, Məhəmmədhüseyn Şəhriyar və Bəxtiyar Vahabzadənin guşələri yaradılacaq, onların əsərləri ziyarətçilər üçün nümayiş etdiriləcək.