Xalq şairi Zəlimxan Yaqubla Lerik ağsaqqalları arasında uzun illərdir dostluq əlaqələri yaranıb. Şair-ozan sinəsində saz, dilində söz bu diyarın zümrüd meşələrini, şəlaləli qayalarını, meyvəli bağlarını, kəklikli yamaclarını gəzib-dolaşıb. El ağsaqqallarına ata, ağbirçəklərə ana deyib, onların söhbətlərinə qulaq asıb, duz-çörək kəsib. İl-ilə qovuşub, bu dostluq daha möhkəmlənib. El ağsaqqalları şairin yaradıcılıq uğurlarına seviniblər, yeni əsərlərini həvəslə oxuyublar.
Lerik Ağsaqqallar Şurasının kitab rəflərində şairin Həzrəti Məhəmməd (s.ə.s.) peyğəmbərin şəninə qələmə aldığı “Peyğəmbər” əsəri, ulu öndərimiz, Azərbaycan xalqının ölməz oğlu Heydər Əliyevin müqəddəs ruhuna həsr elədiyi “Böyük ömrün dastanı” poeması, şeir kitabları ağsaqqallar tərəfindən maraqla oxunur.
Yeni il ərəfəsində rayon ağsaqqalları Xalq şairi Zəlimxan Yaqubdan daha bir kitab bağlaması alıb. Şair “Şərq-Qərb” nəşriyyatında işıq üzü görmüş on üç cild əsərlərini onlara hədiyyə göndərib. Birinci cildin ilk səhifəsinə şair bu misraları avtoqraf yazıb:

İşıqlandı nurda dostlar,
İşıq saldı yurda dostlar,
Xırdalandı xırda dostlar,
Böyük dosta salam olsun.

Bəli, Lerikin ağsaqqal oxucuları şairin böyük dostlarıdır. Onun salamlarını qəbul edib yeni əsərlərini sevə-sevə mütaliə etməyə başlayıblar.
Şairin hədiyyəsini alan Ağsaqqallar Şurasının sədri Həmzə Ruhullaoğlu deyib:
- Bu, şairin bizə növbəti hədiyyəsidir. Ağsaqqallarımız asudə vaxtlarında gəlib ədəbiyyatımızın görkəmli nümayəndələrinin, o cümlədən Xalq şairi Zəlimxan Yaqubun əsərlərini oxuyub fikir mübadiləsi aparırlar. Kiçik kitabxanamızın rəflərinə 500 nüsxəyə yaxın siyasi, elmi və bədii ədəbiyyat toplanıb. Akademik İsa Həbibbəylidən, şair Vahid Əzizdən, yazıçı-dramaturq Hüseynbala Mirələmovdan, şairə Kəmalə xanımdan, şair-publisist Ağacəfər Həsənlidən, şairə Flora Xəlilzadədən də yeni kitablar almışıq. Bu xeyirxah missiyaya yerli yazarlar da qoşulublar.

Həmzə Vəliməmmədov,
Əməkdar jurnalist