Yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxa) «Azıx» romanı nəşr olunub. «Qələm» nəşriyyatında çapdan çıxan kitab ironik üslubda qələmə alınıb və roman içində roman, yaxud roman-əfsanə kimi də oxuna bilər.
Romanda Amerikada təhsil almış klonlaşdırma üzrə alim İmranbəyin azıxantropu diriltmək cəhdlərindən bəhs edilir. Bunun üçün o, azıxantropun alt çənə sümüyündən istifadə edir və hominidin yaddaşına girir. Əsərdə Azıxla bağlı əfsanə də paralel xətt kimi verilir.
Yazıçı İmranbəyin timsalında qatı millətçiliyə və anlaşılmaz vətənpərvərliyə ironiya ilə yanaşır. Müəllifin fikrincə, hər fərdin öz xalqına, millətinə sayğısı gerçəkliyə əsaslanmalıdır. Boğazdanyuxarı pafoslu ifadələr və saxta vətənpərvərliklə tarixi itkilərimizi geri qaytarmaq olmaz. Qloballaşan dünyanın dolanbaclarında azıb-itməmək üçün yalnız millətçi yox, həm də siyasətçi olmaq lazımdır.
«Vətənpərvər azərbaycanlılara həsr olunur» epiqrafı ilə başlanan əsərin girişində müəllif yazır: «Azıx mağarası barədə roman yazdığımı eşidən ziyalı qardaşlarımızdan biri mənə qəribə söz dedi: «Yəqin, romanda sübut edəcəksən ki, orada tapılmış alt çənə sümüyü azərbaycanlıya məxsusdur...»
Təsəvvür edirsiniz!? Eramızdan 350 min il əvvəl... özü də azərbaycanlı?..»