Bakıda fəaliyyət göstərən “Məcməüş-şüəra” ədəbi məclisinin təsiri ilə şair kimi yetişən Haşım bəy Saqibin rəvan üslubu olub. Klassik Azərbaycan, eləcə də Şərq ədəbiyyatına göstərdiyi maraq onun qəzəl janrında uğurlu nümunələr yaratmasına zəmin hazırlayıb. Maarifçi düşüncəsi ilə gənclərin elmə vaqifliyi istiqamətində də fəaliyyət göstərib.

Haşım bəy Hacı bəy oğlu Heybətbəyov 1870-ci ildə Bakının Buzovna kəndində tacir ailəsində dünyaya göz açıb. İbtidai təhsilini atasından alır. Daha sonra Kərbəlayı Əziz İmaməliyevin təsis etdiyi mədrəsədə təhsilini davam etdirir, ərəb, fars dillərini, Şərq ədəbiyyatı, tarix və ilahiyyat elmini öyrənir. Şəxsi mütaliə yolu ilə təhsilini təkmilləşdirir. İti hafizəsi və yüksək qavrama qabiliyyəti ilə özbək və rus dillərini də mükəmməl öyrənə bilib. Təhsil aldığı illərdə atasına ticarət işlərində yardımçı olub. Hacı bəy Heybətbəyovun Bakıda, Dərbənddə, Petrovskportda (Mahaçqalada) və Səmərqənddə ortaq ticarət mərkəzləri vardı. Haşım bəy atasının vəfatından sonra həmin şəhərlərdəki ticarət kontorlarına sahiblik etməklə bərabər, bir sıra xarici ölkələrin ticarət mərkəzləri ilə əlaqələr qurub.
Haşım bəy ilk təhsil illərindən poeziyaya maraq göstərib. Sonralar Bakı şairlərinin ədəbi müzakirə və mübahisələr məkanı olan “Məcməüş-şüəra”da yaxından iştirak edib. Elə bu ədəbi mühitdə də bir şair kimi püxtələşib, “Saqib” təxəllüsü ilə tanınıb. “Məcməüş-şüəra”nın yaradıcılarından Mirzə Rəhim Fəna ilə çox yaxın dost olub. Onunla hər dürlü sevinc və kədərini bölüşüb. Fənanın vəfatından kədərlənən Haşım bəy dost itkisindən doğan nisgilini belə ifadə edib:

Bivəfadür bu cahan əhli, bütün mafiha,
Ey könül, eyləmə bir zərrəcə meyli-dünya.
Qəmə aludə ikən, gəldi genə qəm xəbəri,
Qapumi açdı xəbər verdi mana badi-səba.
Səfəri-axirətün dutdı yolın, fəryad et,
Ney kimi şamü-səhər Mirzə Rəhim, yəni Fəna...
Haşım bəy Saqib bir də məslək və qələm dostu Məşədi Azər Buzovnalını özünə ustad sayıb. Bir çox şeirlərində onunla fəxr etdiyini və ona minnətdar olduğunu dilə gətirib:

Saqib, cəhanə fəxr elə, ustadi-şeirsən,
Təlim aldun Azəri-alicənabdən.

O, eyni zamanda dövrünün bir çox ədib və şairlərindən Səməd Mənsur, Əlabbas Müznib, Mikayıl Müşfiq, Əlağa Vahid, sənət və musiqi aləmindən Sidqi Ruhulla, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Mirzə Mənsur Mənsurov, Mirzə Fərəc, Qurban Pirimov və Cabbar Qaryağdıoğlu ilə yaxından dostluq edib. Səməd Mənsurun məşhur “Rəngdir”, Əlağa Vahidin “Dəlidir” rədifli qəzəllərinə nəzirələr yazıb. O, musiqiyə də hədsiz bağlı olub. Xüsusilə, tanınmış sənətkarlarla sıx əlaqələr yaradıb. Görkəmli tarzən Mirzə Fərəcin vəfatı ilə bağlı yazdığı bir şeirində sənətkara böyük məhəbbətini bildirib:

Genə dövran sitəmi musiqiyə çəkdi Həsar,
Dutdı matəm eləyüb çaki-giriban Qətar,
Nitqdən düşdi cərəs, ağladı çəngü neyü tar,
Yardən gizlədüb ayinəsini ayinədar.

O, dövri mətbuatla da yaxın əməkdaşlıq edib. “İqbal”, “Qızıl qələm”, “Yeni yol” qəzetlərində və “Maarif və mədəniyyət” jurnalında şeir və məqalələri dərc olunub.
Haşım bəyin yaradıcılığı zərif duyğular çələngidir. Burada həyata və insana böyük məhəbbətin ifadəsi var. Xalqın sevinci, kədəri, bir sözlə, həyatın bədii əksi təcəssüm olunub. Onun yaradıcılığında qəzəl janrı üstünlük təşkil edir. Çünki şair lirik növün bu janrı vasitəsilə duyğu və düşüncələrini, arzu və istəklərini oxucuya daha aydın, yığcam çatdırmaq imkanı tapıb. Şairin qəzəlləri sadə, səmimi və anlaşıqlıdır. Gözəllik və səadət haqqında şairanə duyğuların ifadəsidir. Təbiiliyi, lirizmi və bədii gözəlliyi ilə qəlblərə nur çiləyir. Eyni zamanda dövrünün çatışmazlıqlarına ayna tutur.
“Kim-kimədir” adlı şeiri dövrün ziddiyyətli məqamlarını ifadə etdiyinə görə şair tənqidə və təzyiqlərə məruz qalır. Bunlara baxmayaraq, öz əqidəsindən dönmür, xalqının dərdlərinə əsərlərində geniş yer verir.
O, həm də xeyriyyəçi və maarifpərvər şəxs kimi tanınıb. Buzovnadakı şəxsi mülkündə təmənnasız savad kursları açıb. Gənclərə ərəb, fars və rus dillərini öyrədib. Həmçinin klassik ədəbiyyatdan dərs deyib. Ona bu xeyirxah işlərdə həyat yoldaşı Xoşsima xanım yaxından yardımçı olub.
Haşım bəy Saqib dörd qız övladı böyüdüb. Azərbaycan teatr və kino sənətinin görkəmli siması, Xalq artisti Nəcibə Məlikova da Haşım bəyin övladıdır. Nəcibə xanım Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirir. Hələ tələbə ikən Milli Dram Teatrının tamaşalarında epizodik rollara dəvət alır. Sonralar onlarla tamaşada və bir-birindən baxımlı ekran əsərlərində unudulmaz obrazlar yaradır.
Ötən əsrin 30-cu illərində rüzgarın acı yelləri - repressiya dalğası bu ailənin də taleyində izlər buraxır. Haqsız tənqid və təqiblər Heybətovlar ailəsini də sarsıdır. Haşim bəy Saqib 1931-ci ilin dekabrında vəfat edir və Bibiheybət qəbiristanlığında dəfn olunur.
Qeyd edək ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 2009-cu ildə Haşım bəy Saqibin “Divan”ını nəşr edib. “Divan”a şairin qəzəlləri və müxtəlif mövzulu əsərləri daxil edilib.

Savalan Fərəcov