Son vaxtlar XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şairə Məhsəti Gəncəvi haqqında bir sıra nəşrlər işıq üzü görüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhsəti Gəncəvinin 900 illiyi ilə bağlı sərəncamı şairənin həyat və yaradıcılığının tədqiqi, ölkəmizdə və dünya miqyasında təbliği işinin geniş vüsət almasına səbəb olub.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovun Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edən yeni kitabı həmin sıranı bir qədər də zənginləşdirib. Tanınmış alimin ötən il şairə haqqında monoqrafiyası dünya xalqlarının 20 dilində nəşr edilərək yayılıb.
Müəllifin yeni kitabının başlıca məziyyəti ondan ibarətdir ki, bu əsər Azərbaycan dilində əski əlifba ilə təqdim olunur. Beləliklə, Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımızın da Məhsəti Gəncəvinin söz aləmi ilə daha yaxından tanış olmaq imkanı yaranıb.
Kitabda orta əsrlərdə qələmə alınmış bir çox fars, ərəb, türkdilli məxəzlər əsasında şairənin mükəmməl elmi bioqrafiyası verilir, Azərbaycan intibahının misilsiz nümayəndələrindən olan Məhsəti Gəncəvinin Yaxın və Orta Şərqin ədəbi-fəlsəfi fikrinin inkişafına töhfələrindən bəhs edilir. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində hazırlanan kitab “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda işıq üzü görüb.