Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Əlişir Nəvai və Zəhirəddin Məhəmməd Babur: Əsərləri, dövrü” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı universitetin müəllimi, filologiya elmləri namizədi Gülbahar Aşurova açaraq böyük şair, dövlət xadimi Əlişir Nəvai və Baburilər sülaləsinin qurucusu, şair, tarixçi, coğrafiyaşünas və etnoqraf Zəhirəddin Məhəmməd Baburun həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib.
Universitetin prorektoru Şerzod Zufarov Nəvai və Baburun elm, sənət yaradıcılığından danışıb. Professor Bekijon Tuxliev çıxışında vurğulayıb ki, Əlişir Nəvai Şeyx Nizamini özünün müəllimi hesab edib, tarixə cığatay türkcəsində “Xəmsə” yazan şair kimi düşüb.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun “Əmir Əlişir Nəvainin şəxsiyyəti və irsi Azərbaycan ədəbiyyatşünaslığında” mövzusundakı məruzəsi maraqla qarşılanıb.
Universitetin tələbələri şairlərin əsərləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.